
Bakı. Trend:
Suriya ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib və
bölmələr İraqla sərhədə köçürülüb.
Bu barədə mənbələrə istinadən “Əl-Ərəbiyyə” telekanalı məlumat
yayıb.
Məlumata əsasən, Ərəb Respublikasının Müdafiə Nazirliyi şəxsi
heyətin “maksimum döyüş hazırlığına” gətirilməsini və “Suriya-İraq
sərhədi boyunca hərbi hissələrin yerləşdirilməsini” əmr edib. Bu
tədbirlərin səbəbləri barədə heç bir məlumat verilməyib.
Bildirilib ki, bir neçə gün əvvəl Dəməşq Bağdadı Suriya-İraq
sərhədi yaxınlığında İran tərəfindən dəstəklənən silahlı qrupların
qeydə alınmış fəaliyyəti barədə məlumatlandırıb. Mənbənin
məlumatına görə, Suriya tərəfi İraq ərazisindən həyata keçirilən
hər hansı bir hücumun cavab tədbirləri ilə qarşılanacağı barədə
xəbərdarlıq edib və həmçinin İraq hakimiyyətini öz ərazilərinin
Suriyaya qarşı əməliyyatlar üçün istifadəsinin qarşısını almaq üçün
tədbirlər görməyə çağırıb.

