
Bakı. Trend:
Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafını müzakirə
edib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Qazaxıstan Respublikasının Prezident Administrasiyası
rəhbərinin müavini Asel Janasova ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat,
logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud
vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə etdik.
Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması,
liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal
platformaların tətbiqinin genişləndirilməsi, avtomobil
yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata
keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq”, –
paylaşımda qeyd edilib.
Qeyd edək ki, Orta Dəhlizin inkişafı beynəlxalq təşkilatlar
tərəfindən də Avrasiya ticarətinin gələcəyi baxımından mühüm
istiqamət kimi qiymətləndirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı (İƏİT) Trend-ə bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin
daha da gücləndirilməsi üçün geniş imkanlar yaradır.
“İnfrastrukturun təkmilləşdirilməsi, sərhəd prosedurlarının
sadələşdirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi
sayəsində Qazaxıstan daha səmərəli, dayanıqlı və etibarlı ticarət
marşrutlarının formalaşmasına töhfə verə, eyni zamanda Avrasiyanın
əsas logistika qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirə
bilər”, – deyə İƏİT-dən bildirilib.
Təşkilat həmçinin vurğulayıb ki, Qazaxıstan İƏİT üçün strateji
tərəfdaş və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq baxımından mühüm
platformadır. Bildirilib ki, nəqliyyat bağlantıları, kritik xammal, “yaşıl” inkişaf, dayanıqlı infrastruktur və dövlət idarəçiliyi
sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli
potensial mövcuddur.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta
Dəhliz) Çini Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və
Türkiyə vasitəsilə Avropa ilə birləşdirən beynəlxalq ticarət və
nəqliyyat marşrutudur. Bu dəhliz Şərq-Qərb istiqamətində
yükdaşımalarının daha sürətli və etibarlı həyata keçirilməsi
baxımından ənənəvi marşrutlara alternativ hesab olunur.

