
Bakı. Trend:
Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi
Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələri
üzrə yeni minimum məbləğ müəyyənləşdirilib.
Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə
müvafiq qərar imzalayıb.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna
əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə
monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və
ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi
əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi
orqanına təqdim edilir.
Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə
institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi
Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə
vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir
təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min)
manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən ediləcək
və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron
köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.
Həmçinin, öhdəlik daşıyan şəxslər bu qərar qüvvəyə minənədək
müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə
məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə
2027-ci il dekabrın 31-dək təqdim edilməsini təmin
etməlidirlər.
Məlumat üçün bildirək ki, aprelin 21-də imzalanan qərar oktyabr
1-dən qüvvəyə minəcək.

