Azərbaycanda kredit qoyuluşları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 33,881 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 719,3 milyon manat təşkil
edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamalarına
görə, cəmi kredit qoyuluşlarının 28,837 milyard manatını milli
valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 594,6 milyon manatının ödəmə vaxtı
keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 5,044 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də
124,7 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin iyulun 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,8 milyard manat və ya 10,9%,
xarici valyutada qoyulmuş kreditlər isə 804 milyon manat və ya 19%
artıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,588
milyard manatını qısamüddətli, 24,249 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 1,351 milyard
manatını qısamüddətli, 3,693 milyard manatını isə uzunmüddətli
kreditlər təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun
31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat
konfransında bildirib ki, kredit aktivliyinin artımı fonunda
Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını
yeniləyib.

“2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru
üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq.
2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru
üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik”, – deyə AMB
sədri bildirib.




T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi
artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki
proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz,
qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi.
2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz
səviyyəsində idi.

AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq,
Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac
yoxdur.

“Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər
üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun
operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi
zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari
müzakirə edilmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş
siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.

“Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər
hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu
səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam
edirik”, – deyə T.Kazımov qeyd edib.

AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə
qarşı alternativ fəaliyyət planları hazırlayır.

“Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan
vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab
edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və
uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi
potensial çağırışlara adekvat cavab verəcək”, – deyə o
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir