Səngəçal terminalından neft və kondensat ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk yarısında Səngəçal terminalından təxminən 97
milyon barel neft və kondensat ixrac edilib.

Trend-in
bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici
2025-ci ilin eyni dövründə qeydə alınmış 106 milyon barellə
müqayisədə 8,5% azdır.

İxrac olunan neft və kondensat əsasən Bakı-Tbilisi-Ceyhan (BTC)
əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılıb.

Hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Şahdəniz
yataqlarından hasil olunan neft və qaz sualtı boru kəmərləri ilə
Səngəçal terminalına nəql edilməyə davam edib.

Hazırda terminalın emal gücü sutkada 1,2 milyon barel neft və
kondensat, həmçinin 81 milyon standart kubmetr Şahdəniz qazı təşkil
edir. AÇG-dən hasil olunan səmt qazı da nəzərə alınmaqla terminalın
ümumi qaz emalı və ixrac gücü gündəlik 100 milyon standart kubmetrə
yaxındır.

Qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK), o cümlədən onun
genişləndirilmiş sistemi, eləcə də terminalın qaz emalı qurğularını
“Azəriqaz”ın milli qaz şəbəkəsi ilə birləşdirən boru kəmərləri
vasitəsilə ixrac olunur.

bp bildirib ki, 2026-cı ilin ilk yarısında Səngəçal Terminalının
Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər əhəmiyyətli
irəliləyiş əldə edib və əsas tikinti mərhələsindən istismara
hazırlıq mərhələsinə keçid başlayıb.




“Layihənin birinci mərhələsi üçün nəzərdə tutulan əsas
avadanlıqların böyük hissəsi tikinti sahəsinə çatdırılıb və onların
quraşdırılması plan üzrə davam edir. Ətraflı istismara hazırlıq
planı icra olunur və 2026-cı ilin üçüncü rübündə ilk dəfə elektrik
enerjisinin verilməsi nəzərdə tutulur. Bundan əvvəl layihənin
istismara verilməyə hazır olduğunu təsdiqləyən əsas texniki
qiymətləndirmələr uğurla başa çatdırılıb. Terminaldan kənarda
“Azərenerji” tərəfindən inşa edilən yeni enerji obyektlərinin
tikintisi və sınaqları da böyük ölçüdə tamamlanıb. Elektrik
şəbəkəsi infrastrukturu ilə Səngəçal terminalının inteqrasiya
olunmuş sınaqlarının mərhələli şəkildə həyata keçirilməsi
planlaşdırılır”, – deyə bp qeyd edib.

Şirkətin məlumatına görə, layihənin icrasının birinci
mərhələsinin 2027-ci ilin ortalarında, ikinci mərhələsinin isə
2028-ci ilin sonunadək tamamlanması gözlənilir.

bp bildirib ki, 230 milyon ABŞ dolları dəyərində olan STEL
layihəsi çərçivəsində Səngəçal terminalı “Azərenerji”nin idarə
etdiyi milli elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün həm
terminalın daxilində, həm də kənarında yeni enerji infrastrukturu,
o cümlədən 220/110 kV-luq yeni yarımstansiya tikilir.

Şirkət qeyd edib ki, STEL layihəsi Cəbrayılda inşa olunan 240
MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası ilə sıx əlaqəlidir.
Layihələr “virtual elektrik ötürülməsi” mexanizmi əsasında həyata
keçiriləcək. Bu modelə əsasən, “Şəfəq” stansiyası istehsal etdiyi
elektrik enerjisini Cəbrayıl rayonunda “Azərenerji”yə ötürəcək,
əvəzində isə “Azərenerji” eyni həcmdə elektrik enerjisini Bakı
yaxınlığındakı Səngəçal terminalına çatdıracaq.

bp-nin qiymətləndirməsinə görə, Şəfəq və STEL layihələrinin
birlikdə həyata keçirilməsi Səngəçal terminalının istismar dövrü
ərzində əməliyyat emissiyalarını mövcud planlar əsasında təxminən
50% azaltmağa imkan verəcək.

Hazırda terminal elektrik enerjisini təmin etmək üçün yeddi qaz
turbinindən istifadə edir. Elektrikləşdirmə layihəsi tamamlandıqdan
sonra bu turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq və
onlarda istifadə olunan yanacaq qazı ixrac üçün yönəldiləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir