
Bakı. Trend:
2026-cı ilin ilk yarısında Azərbaycandakı Şahdəniz yatağında qaz
hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək sabit
qalıb.
Bu barədə bp-nin hesabatında bildirilib.
Məlumata görə, hesabat dövründə Şahdəniz Alfa və Şahdəniz Bravo
platformalarından ümumilikdə 14 milyard standart kubmetr qaz və 2
milyon ton (təxminən 15 milyon barel) kondensat hasil olunub.
İlk altı ay ərzində Şahdəniz yatağından hasil olunan qaz
Azərbaycana (SOCAR-a), Gürcüstana (GOGC-yə), Türkiyəyə (BOTAŞ-a),
Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinin müxtəlif nöqtələrinə,
eləcə də Avropadakı alıcılara tədarük olunmağa davam edib.
Şirkətin məlumatına görə, hazırda Şahdəniz yatağının mövcud
istehsal gücü gündəlik 76,8 milyon standart kubmetr qaz, yaxud
illik təxminən 28 milyard standart kubmetr qaz təşkil edir.
Şahdəniz-2 layihəsi üzrə də işlər davam
edir
bp bildirib ki, 2026-cı ilin ilk yarısında Şahdəniz-2 layihəsi
çərçivəsində qərb cinahında yerləşən sualtı quyular üzrə işlər
irəliləyib və aprel ayında həmin cinah üzrə beşinci quyu istismara
verilib.
Şirkətin məlumatına görə, layihə üzrə qalan quyuların
tamamlanması “Xankəndi” sualtı tikinti gəmisinin əsas vəzifəsi
olaraq qalır. Bununla yanaşı, ilin ilk yarısında gəmi “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının Dərin Sulu Günəşli hissəsində
çoxquyulu sualtı müdaxilə kampaniyasında iştirak edərək lay
təzyiqinin idarə olunması və hasilatın artırılması imkanlarının
müəyyənləşdirilməsinə dəstək verib.
Eyni dövrdə Tofiq İsmayılov dalğıc dəstək gəmisi Şahdəniz-2 və
AÇG layihələrinin bütün sualtı hasilat obyektlərində texniki
xidmət, monitorinq və müdaxilə işlərini həyata keçirib.
bp qeyd edib ki, bu işlər gəmilərdən və qazma qurğularından daha
səmərəli istifadə olunmasına, əməliyyatların optimallaşdırılmasına
və yeni quyuların daha tez istismara verilməsinə imkan yaradan
vahid inteqrasiya olunmuş iş qrafiki çərçivəsində həyata
keçirilir.
Şahdəniz layihəsində iştirak payları belə bölüşdürülür: bp
(operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%),
NICO (10,00%) və MVM (5,00%).

