
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: “bp” (operator- 30,37%), “SOCAR”
(35,30%), “MOL” (9,57%), “INPEX” (9,31%), “ExxonMobil” (6,79%),
“TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı
tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti
operatordur.
2026-cı ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən
268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı
məsrəflər xərclənmişdir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi
qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə
əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında
tamamlanmışdır.
Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə
proqramı çərçivəsində əməliyyatlar davam etmişdir, o cümlədən beş
quyuda sualtı müdaxilə işləri uğurla tamamlanmışdır, hazırda isə
altıncı quyuda işlər davam edir.
Mərkəzi Azəri platformasında hazırda həyata keçirilən Mərkəzi
Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi üzrə işlər ilin birinci
yarısında plana uyğun davam etmişdir. Bu layihə çərçivəsində
platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya
blokları ve köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə
modernləşdirilmişdir. Bütün bu işlər platformadakı əməliyyatların
fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və
məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz
şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilmişdir.
CAGE layihəsi Mərkəzi Azəri platformasında qazın yenidən laylara
vurulma gücünü artırmaq məqsədi daşıyır və mövcud quyulardan
neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub.
Layihənin icrası 2026-cı ilin yanvar ayında başlanıb. Layihə üzrə
nəzərdə tutulmuş digər modifikasiyalar bu ilin avqust ayında
Mərkəzi Azəri platformasında aparılacaq planlaşdırılmış profilaktik
işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan
yekun işlər tamamlandıqdan sonra bu ilin sentyabrında layihə başa
çatacaq.
Hasilat
2026-cı ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz
və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi
hasilat – Çıraq (19 300), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (73
300), Şərqi Azəri (45 000), Dərinsulu Günəşli (47 000), Qərbi Çıraq
(24 000) və ACE (26 400) platformalarından birlikdə – gündə orta
hesabla 323 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel,
yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu,
51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda
olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 7 neft hasilatı quyusu, 3 su
injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanmışdır.
Bu quyulardan biri – Qərbi Azəri platformasından qazılmış və
uğurla təhvil verilmiş C44 neft hasilatı quyusu, Xəzərdə indiyədək
qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar
bir nailiyyətdir. Quyunun qazılması və tamamlanması həm vaxt, həm
də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə
yetirilmiş, və nəticədə quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli
qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilmişdir.
Multilüləli quyu texnologiyasının AÇG-də uğurlu tətbiqi bu
yetkin yataqdan neftvermənin maksimuma çatdırılması və hasilatın
uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir
addımdır.
Səmt qazı
2026-cı ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə
əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu
vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2
milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt
qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora
vurulmuşdur.
Sərbəst qaz
2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ)
hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz
hasilatı əməliyyatları mərhələsinə keçdi.
AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və
hazırda hasilatda olan neft laylarının altında yerləşən iki
prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin
Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda
başlanmışdır. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz
ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay
dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar
etmişdi.
İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində
başlanmışdır və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda
və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi
sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan
istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud
dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.
STQ-dən əlavə, ilk hasilat quyusu Qırmakıaltı Qumlu lay dəstinin
dibində, qaz və su laylarının arasında yerləşən neft halqası da
aşkar etmişdir. İlk neft halqası quyusu Dərinsulu Günəşli
platformasından qazılmaq üçün planlaşdırılmış və qazma işləri may
ayında başlanmışdır. Bu quyuda qazma əməliyyatlarının 2026-cı ilin
ikinci yarısında başa çatacağı gözlənilir.
İlk neft halqası quyusundan həmçinin əlavə qiymətləndirmə
məlumatlarının əldə olunması da gözlənilir ki, bu da AÇG sahəsində
gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.
Səngəçal terminalı
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın
sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi
davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2
milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81
milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG
səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart
kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 97 milyon barel neft və
kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı
Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi
(CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri
(CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama
sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac
olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla
təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon
standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Səngəçəl terminalının elektrikləşdirilməsi
layihəsi
2026-cı ilin birinci yarısında Səngəçal Terminalının
Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər uğurla davam etmiş
və layihə əsas tikinti mərhələsindən istismar sınaqları və
işəsalınmaya hazırlıq mərhələsinə keçmişdir.
Layihənin birinci mərhələsi üçün tələb olunan əsas
avadanlıqların sahəyə çatdırılması artıq tamamlanmışdır və hazırda
quraşdırma işləri plana uyğun irəliləməkdədir. 2026-cı ilin üçüncü
rübünə nəzərdə tutulan dövlət elektrik şəbəkəsinə ilk qoşulmanı
dəstəkləmək məqsədilə hazırda müfəssəl istismar sınaqlarının
planlaşdırılması və həyata keçirilməsi davam edir. Bundan əvvəl isə
layihənin istismar sınaqları və işəsalınma mərhələlərinə keçməyə
hazır olduğunu təsdiq edən əsas əminlik yoxlamaları uğurla başa
çatdırılmışdı.
Terminal ərazisindən kənarda yerləşən yeni “Azərenerji”
obyektlərinin tikintisi və istismar sınaqları əsasən
tamamlanmışdır. Dövlət elektrik şəbəkəsi infrastrukturu ilə
Səngəçal terminalındakı obyektlərin inteqrasiya olunmuş istismar
sınaqlarının mərhələli işəsalınma proqramı əsasında həyata
keçirilməsi planlaşdırılır.
Layihə üzrə işlərin iki mərhələdə – 1-ci mərhələ 2027-ci ilin
ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı
nəzərdə tutulur.
230 milyon dollar dəyərində STEL layihəsi terminalın AzərEnerji
ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin
edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan
kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik
yarımstansiyası inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş
elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş
layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni
kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən,
Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl
rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə
elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı
proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə
Səngəçal terminalının gələcək istismar dövründə terminal
əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına
imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz
turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər
mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan
yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
Şəfəq günəş layihəsi
“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində
iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%),
Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM”
(10%).
2026-cı ilin birinci yarısında Şəfəq günəş layihəsi üzrə tikinti
işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləmişdir.
Fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas
avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanmışdır və
payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi
irəliləyiş əldə olunmuşdur. İlk elektrik avadanlığı daşımaları
artıq sahəyə çatdırılmışdır ki, bu da növbəti həftələrdə elektrik
quraşdırma fəaliyyətlərinin başlanmasına imkan verir.
Aprel ayının əvvəlində layihə sahəsində ilk günəş panelinin
quraşdırılması ilə mühüm mərhələ əldə olunmuşdur.
Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə
artmaqda davam edir. Hazırda layihəyə təxminən 420 yerli işçi cəlb
olunub ki, bunların 150-si işğaldan azad olunmuş ərazilərdə yeni
məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 700-dən
çox iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin
yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda
genişləndirilməkdədir.
Ətraf mühitin qorunması layihənin əsas diqqət mərkəzində
qalmaqdadır, o cümlədən tikinti sahəsinin bitki örtüyündən
təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların
sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər
davam edəcəyi planlaşdırılır.
Bakı-Tbilisi-Ceyhan (BTC)
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.)
səhmdarları: “bp” (30,10%), “SOCAR” (32,97%), “MOL” (8,90%), “TPAO”
(6,53%), “Eni” (5,00%), “TotalEnergies” (5,00%), “ITOCHU” (3,40%),
“ONGC Videsh” (3,10%), “ExxonMobil” (2,50%) və “INPEX” (2,50%)
şirkətləridir.
2026-cı ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə
təxminən 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar
vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2026-cı ilin iyun ayının sonunadək bu
boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7
milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6276
tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən13
milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan
terminalında 131 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və
Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin
digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan,
Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri)
də nəql olunur.
1 iyul 2026-cı il tarixindən BTC boru kəmərinin operatorluğu,
həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK)
sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu “BP
Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus
törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: “bp” (operator –
29,99%), “LUKOIL” (19,99%), “TPAO” (19,00%), Cənub Qaz Dəhlizi
(16,02%), “NICO” (10,00%), “MVM” (5,00%).
2026-cı ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə
təxminən 1 milyard 394 milyon dollar əməliyyat xərcləri və təxminən
712 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a),
Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına,
çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz
çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə – Şahdəniz Alfa və
Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard
standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 15 milyon
barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən
76,8 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2026-cı ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində
qərb cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam
etmişdir və aprel ayında bu cinahda beşinci quyu işə
salınmışdır.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xankəndi
gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin birinci
yarısında gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində
bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat
səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına
kömək edəcək sualtı müdaxilə əməliyyatlarına cəlb olunmuşdur. Bu
müddət ərzində Tofiq İsmayılov dalğıc gəmisi hazırda istismarda
olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki
xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək
vermişdir.
Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin
etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə
salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş
qrafikin bir hissəsidir.
Şahdəniz kompressiya layihəsi
İlin birinci yarısında Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə
işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləmişdir.
ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi
işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam
etmişdir.
İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun
elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli
irəliləyiş əldə olunmuşdur.
Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam
etmiş, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə
irəliləmiş, əsas texniki baxışlar isə tamamlanmışdır. Yüksək
gərginlikli sualtı interkonnektor enerji və fiber-optik kabelin,
eləcə də sualtı boru hissələrinin istehsalı başa çatmışdır.
Bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və
quraşdırma cədvəllərinə uyğun davam etmişdir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd
yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların
hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə
əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard
kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat
hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə
işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz
Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz
müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri,
eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB)
platformalarında və Səngəçal terminalında mövcud infrastruktur
üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının
həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil
edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır
olacağı planlaşdırılır.
Qazma əməliyyatları
2026-cı ilin birinci yarısında Şahdəniz Alfa platformasında
SDA09, SDA07 və SDA04 quyularında əlavə perforasiya işləri
tamamlanıb və SDA12 quyusunun qazma işləri başlanıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi
çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində
İstiqlal qazma qurğusu qərb cinahında SDD05 quyusunda tamamlama
işlərini başa çatdırıb, qərb-cənub cinahında SDF02 quyusunda
müdaxilə işlərini yerinə yetirib və hazırda şərq-şimal cinahında
SDH04 quyusunda tamamlama işlərini həyata keçirir. Heydər Əliyev
qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma
işlərini başa çatdırıb və qərb cinahında SDD06 quyusunun
qazılmasına hazırlıq olaraq qurğuda profilaktik işlərə
başlayıb.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 24 quyu qazılıb. Bunlara
yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu,
şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və
şərq-şimal cinahında beş quyu daxildir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş)
sərmayədarları bunlardır: “bp” (29,99%), Cənub Qaz Dəhlizi
(21,02%), “LUKOIL” (19,99%), “TPAO” (19,00%), “NICO”
(10,00%).
2026-cı ilin birinci yarısında CQBK-nin əməliyyat xərcləri
təqribən 41 milyon dollar, əsaslı xərclər isə təxminən 19 milyon
dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və
Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi
Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə
kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin
iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta
ötürücülük gücü 63,7 milyon kubmetr olmuşdur.
1 iyul 2026-cı il tarixindən CQBK-nin ümumi operatorluğu “BP
Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus
törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Digər layihələr
Şəfəq-Asiman
Şəfəq-Asiman dəniz blokunda layihəni irəli aparacaq ən uyğun
variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi
tələb olunur. Bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun
qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması
üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci
ilin iyun ayında Şəfəq-Asiman HPBS-nin kəşfiyyat dövrü uzadılıb və
bp bu dövr üçün operator olaraq qalır.
Şəfəq-Asimanda iştirak payları belədir: “bp” (operator – 35%),
“SOCAR” (35%) və “TPAO” (30%, 2025-ci ilin iyun ayında HPBS-yə
qoşulub).
“Qarabağ” və ADUA
Yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması
işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına
kömək məqsədilə bu ilin əvvəlində Qarabağ yatağında dənizdibi
sensor qovşaqlarla (OBN) seysmik tədqiqat həyata keçirildi.
Tədqiqat 2025-ci ilin dekabrında başladı və qrafiki qabaqlayaraq
martın ortalarında başa çatdı. Tədqiqat nəticəsində əldə olunmuş
məlumatların emalı hazırda davam edir.
Bunun ardınca mart ayının ortalarında yataqda yüksək dəqiqlikli
(HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına
başlandı və may ayında işlər başa çatdı. Hazırda əldə olunmuş
məlumatların emalı davam edir. Bu tədqiqatda əsas məqsəd quyu
bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də
platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə
quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri
müəyyənləşdirməkdir.
ADUA layihəsi üzrə ilk addım olaraq aprel ayında suyun 20-40
metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat
aparılıb. ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini
əhatə edən bu tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr
dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə
gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir.
Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər
geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu
bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin
müəyyənləşdirilməsinə kömək edəcək.
ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin
dekabr ayında ictimaiyyətə açıqlanmış və sənədin yekun variantı bu
ilin mart ayında dövlət tərəfindən təsdiqlənmişdi.
İşçi heyətimiz
2026-cı ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan
Azərbaycan vətəndaşlarının sayı 2363 nəfər olub və bura müddətli
müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni
milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli
vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq,
yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq
məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak
etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı
ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar
yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və
tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə
davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda
bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların
açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi,
maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə
yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək,
eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2026-cı ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu
birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya
layihələrinə Azərbaycanda təxminən 0,6 milyon dollar vəsait
xərcləmişlər. İlk altı ay ərzində bu layihələrə hazırda davam edən
19 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və
sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2
təşəbbüs daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda
sponsorluq etdiyi layihələrə 2026-cı ilin birinci yarısında
təxminən 0,9 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli
bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən
1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 5 layihə,
ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və
seminara dəstək, yəni ümumilikdə 34 layihə daxildir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı
məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

