
Bakı.Trend:
İspaniyanın hüquq-mühafizə orqanları Avropolun (Europol) dəstəyi
ilə Aralıq dənizi regionunda fəaliyyət göstərən ən iri cinayətkar
qruplaşmalardan birini zərərsizləşdirib.
Bu barədə İspaniyanın Mülki Qvardiyasının yaydığı bəyanatda
bildirilib.
Məlumata əsasən, cinayətkarlar yüksək sürətli katerlərdən
istifadə edərək İspaniyadan Əlcəzairə narkotik vasitələr
qaçaqmalçılığı ilə məşğul olub, geri dönüşdə isə qanunsuz
miqrantların daşınmasını həyata keçiriblər.
Əməliyyat zamanı polis 78 nəfəri saxlayıb, onlardan 27-si
barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq müəyyən edib ki,
cinayətkar qrup azı 64 qeyri-qanuni daşınma partiyası həyata
keçirib və İspaniya sahillərinə 2 mindən çox qanunsuz miqrant
gətirib. Həddindən artıq dolu qayıqlarla həyata keçirilən
səfərlərin bir nəfər üçün qiyməti 12 min avroya qədər çatıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar təşkilat bu
qanunsuz fəaliyyətdən 24 milyon avrodan çox gəlir əldə edib.

