
Bakı. Trend:
Bu gün Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd
bin Salmanın dəvəti ilə Məkkəyə səfər etdik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial
şəbəkəsində paylaşım edib.
“Bu səfər çərçivəsində əziz qardaşlarım, Səudiyyə Ərəbistanının
vəliəhdi və Baş naziri Məhəmməd bin Salman və Pakistanın Baş naziri
Şahbaz Şəriflə görüşdük. Bu münasibətlə üç ölkə olaraq Birgə
Müdafiə Sazişini imzaladıq.
Kollektiv çəkindirmə prinsipinə əsaslanan bu saziş təhlükəsizlik
və müdafiə sahəsində əməkdaşlığımızın inkişafına, müdafiə
sənayesində birgə layihələrin həyata keçirilməsinə və terrorizmlə
mübarizəyə töhfə verəcək.
BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə
hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəyə qarşı yönəlməyib və
regionumuzun sülhünü, rifahını və sabitliyini hədəfləyən bütün
qardaş ölkələrin iştirakına açıqdır.
Türkiyə regional məsuliyyət baxışına uyğun olaraq münaqişə və
böhranların beynəlxalq hüquqa hörmət əsasında, dialoq və
diplomatiya yolu ilə həllinə yönəlmiş prinsipial mövqeyini
qətiyyətlə davam etdirəcək.
Səfərimizin, apardığımız məsləhətləşmələrin və imzaladığımız
sazişin bütün regionumuz üçün xeyirli olmasını Uca Allahdan
diləyirəm”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə
Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Məkkə Birgə Müdafiə
Sazişini imzalayıblar. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit
olunmuş qanuni özünümüdafiə hüququna əsaslanan sazişə görə, onu
imzalayan üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən
silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul
olunacaq.

