
Bakı. Trend:
İspaniya Xarici İşlər Nazirliyi İtaliyanın miqrasiya böhranını
əsas gətirərək Şengen sazişinin tətbiqini dayandırmaq qərarını
əsassız hesab edib.
Bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares
danışıb.
“Bu tədbirlərin tətbiqi üçün heç bir əsas yoxdur. Seuta və
Melilyadakı vəziyyət nəzarət altındadır. Qanunsuz olaraq Seutaya
daxil olan insanların böyük əksəriyyəti artıq öz ölkələrinə
qayıdıb”, – deyə Albares EFE agentliyinə bildirib.
O vurğulayıb ki, əgər Roma gərginliyin azaldılması istiqamətində
addım atmasa və tətbiq etdiyi məhdudiyyətləri ləğv etməsə, Madrid
İspaniya vətəndaşlarının maraqlarını və ləyaqətini qorumaq üçün
cavab tədbirləri görə bilər.
Eyni zamanda, İtaliyanın Baş naziri Corca Meloninin ofisi
İspaniya hakimiyyətinin reaksiyasını tənqid edərək bildirib ki, “İtaliya milli təhlükəsizlik məsələlərində xaricdən gələn ultimatum
və ya göstərişləri qəbul etmir”.
Bundan əvvəl İtaliyanın daxili işlər naziri Matteo Piantedozi
Seutada yaranmış miqrasiya böhranı ilə əlaqədar Romanın tələbi ilə
təcili videokonfrans formatında keçirilən Aİ ölkələrinin daxili
işlər nazirlərinin görüşündə bildirib ki, İspaniya ilə sərhəddə
sərbəst hərəkəti nəzərdə tutan Şengen sazişinin tətbiqinin
müvəqqəti dayandırılması Madridə qarşı yönəlməyib və yalnız
müvəqqəti xarakter daşıyır.
İyulun sonunda on minlərlə qanunsuz miqrant üzərək və ya Seutanı
Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək İspaniyanın muxtar
şəhəri Seutaya daxil ola bilib. Böhran fonunda İspaniya hakimiyyəti
şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün
hərbçiləri cəlb edib.
İspaniya hökumətinin məlumatına görə, Seutaya çatmağa cəhd
edərkən azı 75 nəfər həlak olub. Rabat isə 11 nəfərin öldüyünü
açıqlayıb.

