
Bakı. Trend:
Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Trampa məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8
avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini
qoyan tarixi Vaşinqton Zirvə Görüşündən bir il ötür.
Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə
Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş
nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində
Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona
çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq
dövrünün əsasını qoymağa nail oldunuz.
Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə
Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və
dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in
Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda
davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol
oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün
parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm
nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli
iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və
təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir.
Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş
etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin
minnətdarlığımı bildirirəm.
Bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni
reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır. Ötən il ərzində
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı
baxımından vacib işlər görüldü. Azərbaycan ərazisindən Ermənistana
yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı,
Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər
məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa
başladı. Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real
faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli
fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün
səylərimizi davam etdiririk.
Hörmətli cənab Prezident,
Keçən ilin avqustunda Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ
ikitərəfli əlaqələri baxımından da mühüm tarixi əhəmiyyətə
malikdir. Məhz həmin görüşün nəticəsində dövlətlərarası
münasibətlərimiz keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə
qədəm qoydu. 6 ay sonra Vitse-prezident Cey. Di. Vensin Azərbaycana
səfəri və səfər zamanı qarşılıqlı sərmayə, ticarət, enerji,
bağlantılar, nəqliyyat, süni intellekt, təhlükəsizlik sahələrini
əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, habelə
son bir il ərzində reallaşmış ali və yüksək səviyyəli təmaslar və
əldə olunmuş razılaşmalar qısa zaman kəsiyində qət etdiyimiz uğurlu
yolun və Sizin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyiniz
önəmin göstəricisidir.
Eyni zamanda “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik səciyyəli
907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə Sizin
qərarınızı tarixi ədalətin bərpası istiqamətində önəmli addım
olaraq qiymətləndiririk.
Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü
səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək
zirvədə qərarlaşmışdır. Bu böyük nailiyyətə, o cümlədən strateji
tərəfdaşlığımızın təşəkkülündə və dərinləşməsində əvəzsiz
xidmətlərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan
xalqı adından bir daha təşəkkürümü ifadə edirəm.
Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa,
qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və
strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla
zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı
səbirsizliklə gözləyirik.
Sizə dərin hörmət və ehtiramlarımı izhar edir, möhkəm
cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının əmin-amanlığı, rifahı
və firavanlığı naminə şərəfli və məsul fəaliyyətinizdə daim
müvəffəqiyyətlər arzulayıram”.

