
Bakı. Trend:
Fransada Luara çayında suyun səviyyəsi kritik həddə enib.
Bu barədə “BFMTV” televiziya kanalı xəbər verib.
Məlumata əsasən, isti hava və quraqlıq səbəbindən çayın məcrası
hər gün daha çox üzə çıxır.
Çayın üzərində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yue
bildirib ki, Luara çayında suyun səviyyəsi ilə fevral ayında,
regionda tarixi daşqının qeydə alındığı dövrlə müqayisədə fərq “8-9
metr təşkil edir”.
O, yaxın vaxtlarda yağış yağmasa, şəhərdə içməli sudan
istifadəyə müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyindən
narahatlığını ifadə edib.
Reyn və Dunay da daxil olmaqla, digər Avropa çayları kimi Luara
çayının da dayazlaşması son aylarda yağıntının azalması və
qeyri-adi isti hava şəraiti ilə əlaqələndirilir.

