
Bakı. Trend:
Litvanın Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Prezidenti
İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat
yayıb.
Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva
arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika
məmnunluqla qeyd edilib. Bu xüsusda, Litvanın sabiq Baş naziri İnqa
Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident
İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.
Dövlət başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə
seçilməsi münasibətilə təbrik edib.
Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü ifadə edərək,
Baş nazir kimi ikitərəfli əlaqələrimizin inkişafını daim diqqətdə
saxlayacağını bildirib.
Telefon danışığı əsnasında Azərbaycan ilə Litva arasında enerji
sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin
olunması, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə
olunub.
Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş
razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə
təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri
müzakirə olunub, son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli
təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd
edilib.
Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının
inkişafına daim dəstək verdiyi vurğulanıb.
Azərbaycan Prezidenti və Litvanın Baş naziri, həmçinin
beynəlxalq arenada mövcud vəziyyətə dair fikir mübadiləsi
aparıblar.

