
Bakı.Trend:
Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə manatla
aparılan əməliyyatların iyulun 1-nə olan göstəriciləri
açıqlanıb.
Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülleten
əsasında apardığı hesablamalaraq görə, cari il iyulun 1-nə BKM
vasitəsilə ümumi məbləği 3,018 milyard manat olan 81,099 milyon
ödəniş əməliyyatı həyata keçirilib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı
7,083 milyon və ya 9,6 faiz artıb, məbləğ isə 496 milyon manat və
ya 14,1 faiz azalıb.
Bankın məlumatına görə, ötən ilin iyun ayında Azərbaycanda BKM
vasitəsilə ümumi məbləği 3,514 milyard manat olan 74,016 milyon
ödəniş əməliyyatı həyata keçirilib.
Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin
təhlükəsiz və operativ emalını, yəni banklar arasında ödənişlərin
düzgün ötürülməsini və yekunlaşdırılmasını təmin edən texnoloji və
maliyyə infrastrukturudur.
Qeyd edək ki, bankın məlumatına görə, iyunun sonuna bank sistemi
və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının
sayı 22,798 milyona çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu
göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz
artıb.
Bundan əlavə, qeyd olunur ki, debet kartlarının sayı 12 faiz
artdığı halda, kredit kartlarının sayı 3,5 faiz azalıb.
AMB-nin məlumatında deyilir:
“Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda
dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə
nəzərən 10.4% artaraq 22 milyon 798 min ədəd təşkil edib. Ödəniş
kartlarında debet kartlarının
sayı 12% artmış, kredit kartlarının sayı isə 3.5% azalıb. İlin
əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin
müvafiq dövrü ilə müqayisədə 14.5% artıb. 2026-ci ilin iyun ayı
ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız
ödənişlərin həcmi 9,902 mln. manat təşkil edib. Həyata keçirilən
nağdsız ödənişlərin 8,575 mln. manatı elektron ticarətin payına
düşür. Qalan məbləğin 1,325 mln. manatı POS-terminallar, 2.5 mln.
manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə
gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız
ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının
69.8-ni təşkil edib”.

