Naxçıvanda istehlakçılara 5 milyon manatdan çox ƏDV məbləği qaytarılıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar – iyul ayları ərzində Naxçıvan Muxtar
Respublikası üzrə istehlakçılara 1,2 milyon manata yaxın ƏDV
məbləği geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz
çoxdur.

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara
qaytarılan məbləğ 5,3 milyon manata yaxın olub.

“Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən
alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları,
film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti
sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim
olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri
qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi
Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir”, –
məlumatda qeyd edilib.

Əlavə edək ki, 2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə
ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən
şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,
alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr
tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin
konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi
praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən
xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə
vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən
gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil
banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 122 milyon 83,6
min manat olub.

Ümumilikdə, 2026-cı ilin yanvar – iyul ayları ərzində
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə
dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub, bu
da proqnoza nisbətən 848,1 milyon manat çoxdur.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi
daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.




Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8
milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon
manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu
sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz
artıb.

2026-cı ilin yanvar – iyul aylarında məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub,
proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə
təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox
təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5
milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait
ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon
manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8
milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait
ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon
manata yaxın təşkil edib.

Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin
iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər
həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı
inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat
dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil
edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə
müqayisədə 2,7 faiz real artım deməkdir.

Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı
55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O
vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi
daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə
yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə
çatdırılması nəzərdə tutulur.

“Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun
inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının
azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri
olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması
və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı
olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”, –
deyə Sahil Babayev bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir