
Bakı. Trend:
Şirkət regionlarda böhran hazırlığını gücləndirmək üçün silsilə
təlimlərə davam edir
Azercell rabitə infrastrukturunun dayanıqlığının artırılması və
böhran hallarına hazırlığın gücləndirilməsi məqsədilə həyata
keçirdiyi “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin əhatə
dairəsini genişləndirir. Layihənin növbəti mərhələsi çərçivəsində
Aztelekom-un Şimal-Şərq Regional Filialının əməkdaşları üçün xüsusi
təlim proqramı təşkil olunub.
Təlimlər zamanı iştirakçılar böhran şəraitində rabitə
şəbəkəsinin fəaliyyətinin davamlılığının təmin edilməsi, operativ
qərarvermə, qəza-bərpa proseslərinin idarə olunması və
qurumlararası koordinasiya üzrə nəzəri və praktiki biliklərini
inkişaf etdiriblər. Proqram böhran hallarına hazırlıq səviyyəsinin
artırılması və regional texniki komandaların peşəkar bacarıqlarının
gücləndirilməsinə xidmət edir.
Layihənin növbəti mərhələlərində analoji təlimlərin il ərzində
Aztelekom-un bütün regional filiallarında keçirilməsi
planlaşdırılır. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində böhran
vəziyyətlərinə çevik reaksiya verə bilən peşəkar texniki
resursların formalaşdırılmasına və vahid fəaliyyət standartlarının
tətbiqinə töhfə verəcək.
Qeyd edək ki, “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı
altında 2024-cü ildən etibarən Azercell, Aztelekom və Azerkosmos-un
əməkdaşlığı ilə həyata keçirilən “Böhran İdarəetmə Qrupu” layihəsi
rabitə xidmətlərinin davamlılığının təmin olunmasına yönəlmiş milli
əməkdaşlıq modelidir. Layihə təbii fəlakətlər, texnogen qəzalar və
digər böhran hallarında operativ informasiya mübadiləsini,
resursların çevik səfərbər edilməsini və qəza-bərpa işlərinin
koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edən vahid
idarəetmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur.

