“2pac”ın qətli ilə bağlı məhkəmə prosesi başlayır

Baş səhifə

Bakı.Trend:

ABŞ-də “2Pac” kimi tanınan reper Tupak Şakurun qətlində ittiham
olunan keçmiş dəstə lideri Dueyn Devisin məhkəməsi üzrə andlı
münsiflərin seçiminə başlanılıb. Proses musiqiçinin ölümündən
təxminən 30 il sonra yenidən başlayıb.

“The Guardian” yazıb ki, bu, ölkə tarixində ən səs-küylü
açılmamış cinayətlərdən biridir.

Bazar ertəsi Las-Veqas məhkəməsinə andlı münsif olmağa 75-ə
yaxın namizəd çağırılıb. Hüquqşünaslar onlara belə böyük rezonans
doğuran işdə obyektiv və qərəzsiz qala biləcəkləri ilə bağlı
suallar veriblər. Andlı münsiflərin yekun tərkibi həftənin sonundan
tez formalaşmayacaq. Məhkəmə prosesinə hakim Karli Kirni sədrlik
edir və prosesin beş həftəyədək davam edəcəyi gözlənilir.




Qeyd edək ki, Tupak 7 sentyabr 1996-cı ildə müəmmalı şəkildə
Las-Veqasda qətlə yetirilib. 25 yaşlı reper musiqi prodüseri Şuq
Naytla birlikdə “MGM Grand” kompleksində Mayk Tayson və Brüs Seldon
arasında keçirilən boks görüşünü izləyib. Döyüşdən sonra hotelin
foyesində insident baş verib: Tupak və onun ətrafındakılar “South
Side Compton Crips”in rəqib dəstəsinin üzvü olan Dueyn “Kif Di”
Devisin qardaşı oğlu Orlando Andersonla əlbəyaxa olublar.

Daha sonra Tupak və Şuq Nayt qara rəngli BMW-yə minərək kluba
gediblər. Avtomobil qırmızı işıqda dayanarkən onların yanında ağ
rəngli “Cadillac” dayanıb. Pəncərədən atəş açılıb. Ekspertizanın
məlumatına görə, atəş “Glock 22” tapançasından açılıb. Tupaka dörd
güllə dəyib: ikisi sinəsinə, biri qoluna, biri isə bud nahiyəsinə.
Güllələrdən biri sıçrayaraq sağ ağciyəri yaralayıb. Şuq Nayt
başından şüşə qəlpələri ilə xəsarət alıb, lakin sağ qalıb. Tupak
Şakur ağır yaralanıb və sentyabrın 13-də vəfat edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir