
Bakı. Trend:
Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında gömrük
prosedurlarının sadələşdirilməsi, orta dəhliz boyu yükdaşımaların
asan və sürətli şəkildə həyata keçirilməsi müzakirə olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bununla bağlı müzakirələr Azərbaycan və Türkiyənin gömrük
xidmətlərinin Gömrük Mühafizə Baş İdarəsinin rəis müavini Yaşar
Baltacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə
aparılıb.
Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərdən,
birgə həyata keçirilən layihələrdən, qabaqcıl təcrübələrin
öyrənilməsi və paylaşılması istiqamətində görülən işlərdən
məmnunluqla bəhs edilib.
Həmçinin görüşdə tranzitin sürətləndirilməsi istiqamətində
əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri DGK-nın
Akademiyasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Kinoloji
Mərkəzdə də olublar.
Gömrük işi sahəsində aparılan elmi araşdırmalar, institusional
yanaşmalarla tanış olan nümayəndə heyətinin üzvlərinə gömrük
orqanlarının kinoloji sahədəki fəaliyyəti, eyni zamanda hava
nəqliyyatında gömrük işinin təşkili barədə ətraflı məlumat verilib,
gömrük sahəsində hüquqpozmalar, risklərin idarə olunması,
qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir
mübadiləsi aparılıb.

