
Bakı.Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Böyük Britaniya
arasında ticarət əməliyyatlarının həcmi 3,622 milyard ABŞ dolları
təşkil edib.
Trend-in Dövlət
Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara
görə, bu göstərici 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,961
milyard ABŞ dolları və ya 5,5 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın ümumi xarici
ticarət dövriyyəsində payı 14,69 faiz təşkil edib. Beləliklə, Böyük
Britaniya Azərbaycanın ən fəal ticarət əməliyyatları apardığı
ölkələr arasında ikinci yeri tutub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Böyük Britaniyaya
ixracının həcmi 3,475 milyard ABŞ dolları təşkil edib. Bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 3,331 milyard ABŞ dolları və ya
təxminən 24,1 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Böyük
Britaniyadan 146,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Bu göstərici 2025-ci ilin yanvar-iyun aylarının göstəricisindən
370,4 milyon ABŞ dolları və ya 3,5 dəfə azdır. Beləliklə, Böyük
Britaniya Azərbaycanın ən böyük məhsul təchizatçıları arasında
onuncu yeri tutub.
Bundan əvvəl Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi
Agentliyinin (UKEF) baş direktoru Tim Reyd Trend-ə verdiyi müsahibədə
bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi
əlaqələr möhkəmdir və daha da möhkəmlənməkdə davam edir.
“Azərbaycan üzrə bazar risklərinin sığortalanması üçün bizdə ən
yüksək təminat səviyyəsi mövcuddur – azı 5 milyard funt sterlinq.
Bu da ölkəyə britaniyalı ixracatçılar üçün etibarlı tərəfdaş kimi
inamımızı əks etdirir”, – deyə T. Reyd qeyd edib.
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında
münasibətlərin 2025-ci ilin avqustunda Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xarici
ərazilər üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki tərəfin bu
əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir.
“Biz artıq Azərbaycanda konkret nəticələr əldə etmişik. Bunlara
nazirin səfəri zamanı müzakirə edilən “Silk Way West Airlines” üçün
aviasiya trenajorunun tədarükü üzrə sazişə göstərilən dəstək
daxildir. Gələcəkdə isə əməkdaşlığın daha da genişləndirilməsi üçün
əhəmiyyətli imkanlar görürük. Azərbaycanın iqtisadiyyatın
şaxələndirilməsi və infrastrukturun inkişafı istiqamətində səyləri,
eləcə də Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi üçün
geniş perspektivlər açır və UKEF bu istiqamətdə lazımi dəstəyi
göstərməyə hazırdır”, – deyə agentliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, UKEF-in dəstəyinin genişləndirilməsi üçün ən
perspektivli sahələr təmiz enerji və zəruri əhəmiyyətli faydalı
qazıntılardır. Bu iki istiqamətdə Azərbaycan böyük potensiala
malikdir, Böyük Britaniya isə xüsusilə infrastruktur və peşəkar
xidmətlər sahəsində dünya səviyyəli təcrübəyə sahibdir.

