
Bakı. Trend:
Çexiyada anomal isti hava şəraiti fonunda quraqlıq kritik həddə
çatıb.
Bu barədə “Novinky” xəbər portalı Çexiya Hidrometeorologiya
İnstitutuna istinadən məlumat yayıb.
Ölkənin əksər çay və su hövzələrində suyun səviyyəsi
uzunmüddətli orta göstəricilərdən əhəmiyyətli dərəcədə aşağı düşüb.
Bir çox çay və dərələr quruyub. Respublika ərazisinin böyük
hissəsində hidrologiya üzrə ekstremal aşağı göstəricilər qeydə
alınıb.
Məlumata görə, ölkənin əsas su arteriyalarında vəziyyət kritik
həddə çatıb.
Məsələn, Elba çayında suyun səviyyəsi bütün müşahidə dövrü
ərzində qeydə alınmış tarixi minimuma yaxınlaşır. Praqanın
yerləşdiyi Vltava çayında isə su anbarları sisteminin tənzimlənməsi
sayəsində vəziyyəti sabitləşdirmək mümkün olur. Lakin Cənubi
Çexiyadakı Çeske-Budevitsa şəhəri ərazisində göstəricilər də qeydə
alınmış ən aşağı səviyyəyə çatıb.

