
Bakı. Trend:
SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib.
Şirkətin ətraf mühit, sosial, idarəetmə (ESG) və iqtisadi
fəaliyyətinin nəticələrini əks etdirən hesabatda SOCAR-ın
Azərbaycanda həyata keçirdiyi əməliyyatlar və xarici ölkələrdəki
əsas fəaliyyətləri üzrə dayanıqlılıq göstəriciləri beynəlxalq
hesabatlılıq tələblərinə uyğun, şəffaf, etibarlı və müqayisə oluna
bilən şəkildə açıqlanır.
2025-ci il SOCAR-da dayanıqlılığın korporativ idarəetmə
sisteminə inteqrasiyası baxımından mühüm mərhələ olub. Hesabat
dövründə şirkətdə ilk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi
(Double Materiality Assessment) aparılıb. Qiymətləndirmənin
nəticələrinə əsasən, iqlim dəyişikliyi, biznes etikası və çirklənmə
SOCAR üçün ən əhəmiyyətli dayanıqlılıq mövzuları kimi müəyyən
edilib. Bununla yanaşı, ESG məlumatlarının vahid rəqəmsal platforma
vasitəsilə idarə olunmasını təmin edən “ESG Data Platforması”
istifadəyə verilib ki, bu da məlumatların keyfiyyətini, izlənilə
bilənliyini və hesabatlılıq prosesinin səmərəliliyini əhəmiyyətli
dərəcədə artırır.
Hesabatda SOCAR-ın iqlim fəaliyyəti istiqamətində əldə etdiyi
əsas nəticələr də öz əksini tapıb. Belə ki, SOCAR-ın 2025-ci ildə
təsdiq olunan Dekarbonizasiya Yol Xəritəsində karbon və metan
emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması
texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və
bərpa olunan enerji mənbələrinin genişləndirilməsi üzrə əsas
fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Hesabat ilində SOCAR-ın Azərbaycan üzrə əməliyyatlarında, əsasən
SOCAR-ın “Azneft” İB-də sızmaların aşkarlanması və aradan
qaldırılması proqramının (LDAR) həyata keçirilməsi nəticəsində
təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı
emissiyası azaldılıb.
Şirkət hesabat dövründə dayanıqlı maliyyələşmə istiqamətində də
mühüm addımlar atıb. SOCAR bərpa olunan enerji layihələrinin
maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları
məbləğində Yaşıl İstiqrazlar buraxıb.
İnsan kapitalının inkişafı şirkətin əsas prioritetlərindən biri
olaraq qalır. 2025-ci ildə Liderlik Akademiyası, Enerji Liderləri
və Gənc İstedadlar proqramları da daxil olmaqla, əməkdaşların
inkişaf məqsədilə bir sıra proqramlar həyata keçirilib. SOCAR
Qrupun əməkdaşları üçün 1 milyondan çox təlim saatı təşkil olunub,
Azərbaycan üzrə işçilərin bağlılıq göstəricisi 84 faiz, məmnunluq
səviyyəsi isə 78 faiz təşkil edib. Eyni zamanda, hesabat ilində
SOCAR Qrupunun sosial xərcləri 412 milyon manat olub.
Hesabatda SOCAR-ın yerli iqtisadiyyatın inkişafına verdiyi töhfə
də öz əksini tapıb. 2025-ci ildə SOCAR-ın Azərbaycan Respublikası
üzrə yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payı 82
faizdən 88 faizə yüksəlib. Bu nəticə yerli təchizat zəncirinin
inkişafına, yerli bizneslərin dəstəklənməsinə və ölkə daxilində
iqtisadi dəyərin artırılmasına SOCAR-ın davamlı töhfəsini əks
etdirir.
Ümumilikdə hesabat SOCAR-da dayanıqlılığın korporativ idarəetmə,
əməliyyat fəaliyyəti və strateji qərar qəbuletmə proseslərinə
inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri nümayiş
etdirir.
Qeyd edək ki, GRI Standartlarına, o cümlədən GRI 11: Neft və Qaz
Sektoru Standartına uyğun hazırlanan hesabat “Ernst & Yanq Holdinqs
(SiAyEs) Bi.Vi.” şirkətinin ölkəmizdəki filialı tərəfindən müstəqil
təminat yoxlamasından keçirilib. Hesabat hazırlanarkən BMT Qlobal
Sazişi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), SASB və Avropa
Dayanıqlılıq Hesabatlılığı Standartlarının (ESRS) prinsipləri
nəzərə alınıb.

