
Bakı. Trend:
SOCAR-ın Azərbaycan Respublikası üzrə əməliyyatlarında 2025-ci
il ərzində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana
qazı emissiyası azaldılıb.
Bu barədə SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında
bildirilib.
Hesabata əsasən, emissiyaların azaldılmasına əsasən SOCAR-ın
“Azneft” İstehsalat Birliyində sızmaların aşkarlanması və aradan
qaldırılması proqramının (Leak Detection and Repair – LDAR) həyata
keçirilməsi hesabına nail olunub.
Bundan əlavə, hesabat ilində SOCAR-ın Dekarbonizasiya Yol
Xəritəsi təsdiqlənib. Sənəd metan emissiyalarının azaldılması,
elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi,
enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji
mənbələrinin genişləndirilməsi istiqamətlərini əhatə edir.
SOCAR bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi
məqsədilə 200 milyon ABŞ dolları həcmində yaşıl istiqrazlar da
buraxıb.
Hesabatda qeyd olunur ki, SOCAR-ın Azərbaycan üzrə yerli
təchizatçılara yönəltdiyi satınalma xərclərinin payı 82 faizdən 88
faizə yüksəlib.
SOCAR Qrupunun 2025-ci ildə sosial xərcləri isə 412 milyon manat
təşkil edib.
İşçilərin inkişafı istiqamətində il ərzində 11 proqram həyata
keçirilib. Bunlar arasında Liderlik Akademiyası, Enerji Liderləri
və Gənc İstedadlar proqramları da yer alıb.
Hesabat dövründə işçilər üçün ümumilikdə 525 mindən çox təlim
saatı təşkil edilib. İşçilərin cəlb olunma göstəricisi 84 faiz,
məmnunluq səviyyəsi isə 78 faiz təşkil edib.

