
Bakı. Trend:
Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələbləri mövcud
qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkün olmayan bəzi
şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir,
cəmiyyətdə Böyük Qayıdış prosesinin gedişinə, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və onun
əməkdaşlarının nüfuzuna xələl gətirən yanlış fikirlər
formalaşdırmağa cəhd göstərirlər.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi rəsmi internet saytında məlumat yayıb.
Bildirilib ki, məskunlaşdırma prosesi yalnız yaşayış məntəqələri
tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar
əsasında həyata keçirilir.
“Sosial şəbəkələrdə müxtəlif iddialarla çıxış edən Nuranə
Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus
olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalarda
mənzil verilməsini, eyni zamanda müxtəlif sosial media
paylaşımlarında Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı
şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin
olunmasını tələb edib.
Müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün
statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu
müəyyən edilmiş, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən
tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi
əsasın mövcud olmadığı dəfələrlə izah edilib. Buna baxmayaraq, bu
hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media
paylaşımlarında əks etdirilməmiş, məsələ əsasən emosional müstəvidə
təqdim olunub”.
Bildirilib ki, monitorinq materialları müxtəlif video
materialların “Kanal 15 TV” loqosu ilə şəxsi sosial media
hesablarında paylaşıldığını, Dövlət Komitəsinin rəsmi mövqeyi
öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirildiyini
göstərir:
“Nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfin mövqeyi
təqdim olunmuş, müraciət üzrə aparılmış araşdırmalar, verilmiş
rəsmi izahatlar və qanunvericiliklə müəyyən edilmiş hüquqi meyarlar
barədə məlumatlar əks etdirilməyib.
Böyük Qayıdış prosesinə kölgə salmağa yönəlmiş ardıcıl və
məqsədyönlü fəaliyyət aparan şəxslərdən biri də İntiqam
Türbəndəyevdir. Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda
olan keçmiş məcburi köçkün Türbəndəyev İntiqam Elman oğlu sosial
şəbəkə hesablarından birində Xanyurdu kəndində köçürülməsi ilə
bağlı Komitəyə müraciət etdiyi barədə paylaşım edib. Bildiririk ki,
İ.Türbəndəyev paylaşım etməzdən əvvəl Komitənin Qayıdışın
qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilib və
onun Xanyurdu kəndinə ailə tərkibinə uyğun 3 otaqdan ibarət fərdi
evə köçürüləcəyi bildirilib. Lakin müraciət müəllifi qeyd
olunanlarla razılaşmamış, yaşayış sahələri ilə bağlı qüvvədə olan
qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə
alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin
ona verilməsini israrla tələb edib.
Özlərinin əsassız tələbləri ilə bağlı Komitə rəhbərliyi
tərəfindən qəbul olunmalarına, müraciət etdikləri məsələlərə
müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağının
bildirilməsinə baxmayaraq, sonradan onlar tərəfindən sosial
şəbəkələrdə edilən paylaşımlarda səsləndirilən böhtan xarakterli
qərəzli fikirlər ictimaiyyət arasında çaşqınlıq yaratmaqla təkcə
dövlət qurumunun fəaliyyətinə deyil, həm də Böyük Qayıdış
proqramına da kölgə salmağa yönəlib”.
Qeyd edilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün
qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada
həll edilə bilməz. Dövlət orqanlarının fəaliyyəti ilə bağlı
məlumatların yayılması zamanı rəsmi mövqeyin öyrənilməsi, faktların
tam və obyektiv təqdim olunması cəmiyyətin düzgün
məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda xatırladırıq ki, dövlət orqanlarının və vəzifəli
şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların
yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və
işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi
məsuliyyət yarada bilər.

