
Bakı.Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar
Respublikasına son səfəri bir daha göstərdi ki, Naxçıvan dövlət
siyasətində xüsusi strateji əhəmiyyət daşıyan bölgələrdən
biridir.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, səfər çərçivəsində müxtəlif sosial və
infrastruktur layihələri ilə tanışlıq, yeni obyektlərin təməlqoyma
mərasimlərinin keçirilməsi və dövlət başçısının Azərbaycan
Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın
gələcək inkişaf perspektivləri barədə kifayət qədər aydın təsəvvür
yaradır:
“Naxçıvanda aparılan işlərin əsas məqsədi bölgənin
sosial-iqtisadi potensialını daha da gücləndirmək, müasir
infrastruktur formalaşdırmaq və Naxçıvanı Azərbaycanın ümumi
iqtisadi inkişaf proseslərinə daha sıx inteqrasiya etməkdir.
Cənab Prezident İlham Əliyevin səfər zamanı verdiyi mesajlarda
xüsusilə diqqətçəkən məqamlardan biri Naxçıvanın gələcəkdə
nəqliyyat imkanları ilə bağlıdır. Dövlət başçısı Azərbaycan
Televiziyasına müsahibəsində Zəngəzur dəhlizindən keçəcək yük
həcminin Naxçıvanda iqtisadi canlanmanı sürətləndirəcəyini
bildirib. Söhbət 15 milyon ton və daha çox yükdən gedir. Bu isə
yeni iş yerlərinin yaradılması, iqtisadi fəallığın yüksəlməsi və
Naxçıvanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsi
üçün ciddi imkanlar yaradır.
Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyətini yalnız Azərbaycan
ərazisinin iki hissəsini birləşdirən nəqliyyat layihəsi kimi
qiymətləndirmək olmaz. Bu layihə Naxçıvanın coğrafi mövqeyini
iqtisadi üstünlüyə çevirmək üçün tarixi imkan yaradır. Naxçıvan
Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısına malik
olmaqla yanaşı, Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların
mühüm marşrutlarından birinə çevrilə bilər.
Cənab Prezident İlham Əliyev daha əvvəl də Zəngəzur dəhlizinin
həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyini, həm
də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəyini
vurğulayıb. Bu yanaşma Naxçıvanın gələcək rolunun təkcə ölkədaxili
deyil, regional və beynəlxalq miqyasda güclənəcəyini göstərir.
Naxçıvanın inkişafı baxımından mühüm məqam ondan ibarətdir ki,
bu gün burada həyata keçirilən layihələr bir-birindən ayrı
tədbirlər deyil, kompleks inkişaf siyasətinin tərkib hissəsidir.
İnfrastrukturun yenilənməsi, yol və nəqliyyat imkanlarının
genişləndirilməsi, enerji layihələrinin həyata keçirilməsi, sosial
obyektlərin tikintisi və şəhərsalma işləri Naxçıvanın gələcək
iqtisadi potensialına hesablanıb.
Bu istiqamətdə cənab Prezident İlham Əliyevin imzaladığı yeni
Sərəncam xüsusi əhəmiyyət daşıyır. Sənədə əsasən, Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə 258 milyon manat vəsait ayrılıb. Vəsaitin 2026–2027-ci
illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin
genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi,
təhsil infrastrukturu, abadlıq-quruculuq işləri və digər
layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Sərəncamda Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana
kompleksinin tikintisi üçün 25 milyon manat ayrılması da diqqət
çəkir. Bu, inkişafın yalnız fiziki infrastrukturla
məhdudlaşmadığını, insan kapitalının formalaşdırılmasının da
prioritet olaraq nəzərdə tutulduğunu göstərir”.
Deputat bildirib ki, Prezidentin Naxçıvana səfəri zamanı sosial
evlər kompleksinin təməlinin qoyulması da sosial siyasətin davamlı
xarakter daşıdığını göstərir: “518 mənzildən ibarət kompleksin
yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində
atılan mühüm addımlardan biridir.
Naxçıvanın qarşısında duran ən böyük imkanlardan biri isə onun
Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanı kimi nəzərdən
keçirilməsidir. Cənab Prezident İlham Əliyev daha əvvəl bu üç
bölgənin iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik baxımından
vahid böyük məkana çevrilməsinin vacibliyini qeyd edib.
Bu baxış Naxçıvan üçün yeni iqtisadi perspektivlər açır. Zəngəzur
dəhlizinin istifadəyə verilməsi ilə Naxçıvanın tranzit imkanları
genişlənəcək, logistika, ticarət, xidmət, turizm və digər sahələrdə
yeni biznes imkanları yaranacaq. Ən mühüm məsələlərdən biri isə bu
prosesin yeni məşğulluq imkanları yaratmasıdır.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Naxçıvana səfərinin
əsas mesajlarından biri budur: Naxçıvanın inkişafı artıq yalnız
mövcud problemlərin həlli kimi deyil, gələcəyin regional iqtisadi
və nəqliyyat imkanlarının formalaşdırılması kimi
qiymətləndirilir.
Bu baxımdan 258 milyon manatlıq yeni maliyyə dəstəyi də xüsusi
əhəmiyyət daşıyır. Çünki bu vəsait Naxçıvanın bugünkü
ehtiyaclarının qarşılanması ilə yanaşı, bölgənin gələcək inkişafına
xidmət edəcək infrastrukturun yaradılmasına yönəldilir.
Əminəm ki, həyata keçirilən layihələr, Zəngəzur dəhlizinin
reallaşması və Naxçıvanın Azərbaycanla, region ölkələri ilə və daha
geniş beynəlxalq nəqliyyat şəbəkəsi ilə bağlantılarının güclənməsi
nəticəsində muxtar respublikanın iqtisadi potensialı daha da
artacaq. Naxçıvanın gələcəkdə Azərbaycanın və bütövlükdə regionun
mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi real
perspektivdir.
Bu proses həm Naxçıvanın sosial-iqtisadi inkişafına, həm də
Azərbaycanın regional iqtisadi və geosiyasi mövqeyinin daha da
güclənməsinə mühüm töhfə verəcək”.

