
Bakı. Trend:
Prezident İlham Əliyevin Dövlət Televiziyasına verdiyi
müsahibədə Naxçıvanla bağlı siyasi strategiyanın başlanğıcının
şahidi olduq.
Bunu fikirləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil
Kərimli “Yenitv”-nin efirində açıqlamasında bildirib.
Sahil Kərimlinin sözlərinə görə, Azərbaycan dövləti Azərbaycanın
qədim tarixi ərazisi olan Naxçıvanın inkişafı üçün bütün mümkün
imkanları səfərbər edib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi
bütövlüyünü tam təmin etdikdən sonra Naxçıvanla bağlı regionda yeni
reallıqlar yaranıb. Bu yeni reallıqlar Naxçıvanın siyasi və
iqtisadi baxımdan əhəmiyyətini daha da artırıb.
Naxçıvanın yerləşdiyi coğrafi ərazinin daşıdığı əhəmiyyət həm
regionumuz, həm də dünya üçün mühüm amillərdəndir. Çindən
başlayaraq Avropaya qədər uzanacaq Orta Dəhlizin əsas hissəsi kimi
Azərbaycanı və onun ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirəcək
maneəsiz quru yolun – Zəngəzur dəhlizinin açılması nəzərdə
tutulur”.
Siyasi şərhçi bildirib ki, bununla yanaşı, Naxçıvanda ən müasir
infrastruktur obyektlərinin tikintisinin şahidi oluruq. Görülən
işlər və həyata keçirilən siyasət bir neçə il sonra Azərbaycan üçün
siyasi və iqtisadi baxımdan ciddi bəhrələr verəcək.
“Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan ərazisindən dünya
əhəmiyyətli miqyasda dəhliz keçəcək. Bu isə Naxçıvanın iqtisadi və
siyasi imkanlarını artıracaq, eyni zamanda Azərbaycan
iqtisadiyyatına ciddi töhfə verəcək”, – Sahil Kərimli qeyd
edib.

