
Bakı.Trend:
Son illərdə Çinin istehsal gücünün həddindən artıq artırmasına
dair xəbərdarlıqlar getdikcə daha çox səslənir. Pekinin ixracı və
ticarət profisitini artırmaq cəhdi həm inkişaf etmiş
iqtisadiyyatların — ABŞ və Avropanın sənayesinə, həm də Afrika,
Asiya və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə zərər
vurur.
Bu barədə “Foreign Affairs” nəşrində dərc olunmuş məqalədə qeyd
edilib.
Bildirilib ki, indi problem daha da təhlükəli xarakter alır.
Dünya iqtisadiyyatının Çinin izafi istehsalını mənimsəmək
qabiliyyəti son həddinə yaxınlaşır. Bu həddə çatılacağı təqdirdə,
nəticələr qlobal iqtisadi böhrana çevrilə bilər.
Son iyirmi il ərzində Çin müasir tarixdə ən böyük ticarət
profisitini formalaşdırıb. 2025-ci ildə bu göstərici 1,2 trilyon
dollara yaxınlaşıb və qlobal əmtəə ticarətinin artım tempindən üç
dəfə sürətlə artıb. Bu model Pekin üçün əlverişlidir və
qısamüddətli perspektivdə xaricdə inflyasiyanın qarşısını almağa
kömək edir. Lakin nəşrin müəlliflərinə görə, uzunmüddətli
perspektivdə bu model siyasi və iqtisadi baxımdan dayanıqlı
deyil.
Çinin iqtisadi yüksəlişi ucuz Çin mallarını almağa, bunun
müqabilində isə səmərəli təchizat zəncirlərindən və aşağı
qiymətlərdən yararlanmağa hazır olan dünya sayəsində mümkün olub.
Lakin münasibət dəyişir. Getdikcə daha az ölkə sənayesizləşmə və
Çin idxalından kritik asılılıqla barışmağa hazırdır.
Proteksionizmin güclənməsi fonunda Çin istehsalçılarının xarici
bazarlara çıxışı məhdudlaşacaq. Lakin problem həm də sadə riyazi
hesablamadan ibarətdir. Çin iqtisadiyyatı xeyli kiçik olduğu dövrdə
ixracın dünya iqtisadiyyatından iki-üç dəfə daha sürətlə artması
mümkün idi. Buna kifayət qədər tələbat vardı. Bu gün isə Çin o
qədər böyük iqtisadiyyata çevrilib ki, belə strategiyanı sonsuzadək
davam etdirmək mümkün deyil, gec-tez alıcılar kifayət
etməyəcək.

