
Bakı.Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycan və Çexiya arasında
ticarət əməliyyatlarının həcmi 529,7 milyon ABŞ dolları təşkil
edib.
Trend-in Dövlət
Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara
görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 44,8
milyon ABŞ dolları və ya 9,2 faiz çoxdur.
Hesabat dövrü ərzində Çexiyanın Azərbaycanın xarici ticarət
dövriyyəsindəki payı 2,15 faiz təşkil edib. Beləliklə, Çexiya
Azərbaycanın ən fəal ticarət əməliyyatları həyata keçirdiyi ölkələr
arasında səkkizinci yeri tutub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiyaya ixracının
həcmi 499 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü
ilə müqayisədə 49 milyon ABŞ dolları və ya təxminən 10,9 faiz
çoxdur. Hesabat dövründə Azərbaycan Çexiyadan 30,7 milyon ABŞ
dolları dəyərində məhsul idxal edib. Bu göstərici 2025-ci ilin
yanvar-iyun aylarındakı göstəricidən 3,5 milyon ABŞ dolları və ya
10,2 faiz azdır.
İki ölkə arasında ticarət dövriyyəsinin artımı, ilk növbədə,
Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biri
olan energetika sektorunda əməkdaşlığın inkişafı fonunda baş
verir.
Xatırladaq ki, bundan əvvəl Çexiyanın Sənaye və Ticarət
Nazirliyi Trend–ə müsahibəsində Azərbaycanın
Çexiya üçün etibarlı strateji tərəfdaş kimi özünü təsdiqlədiyini
bildirmişdi. Nazirlik vurğulamışdı ki, Azərbaycan ölkənin əsas xam
neft tədarükçülərindən biridir və Çexiyanın enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“Praqa Azərbaycanı Avropanın enerji təchizatının
şaxələndirilməsi məsələsində mühüm tərəfdaş hesab edir və
energetika sahəsində əməkdaşlığın daha da inkişafını dəstəkləyir.
Neft və qaz tədarükünün şaxələndirilməsinin təmin olunması ölkənin
enerji siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa, Xəzər regionu və
Mərkəzi Asiya arasında əlaqələndirici körpü rolu onun Çexiya da
daxil olmaqla Avropa dövlətləri üçün strateji tərəfdaş kimi
əhəmiyyətini daha da artırır”, – deyə nazirlikdən bildirilib.

