
Bakı.Trend:
Yaxın Şərq regionunda gərginliyin davam etməsi fonunda Hörmüz
boğazında daha bir ticarət gəmisi hücuma məruz qalıb.
Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin
(UKMTO) məlumat yayıb.
Bildirilib ki, tanker Hörmüz boğazından çıxış istiqamətində
hərəkət edərkən pilotsuz uçuş aparatı tərəfindən vurulub.
Agentlik qeyd edib ki, tankerə cümə axşamı zərbə endirilib və
gəmi cüzi zərər görüb. Bütün ekipaj üzvlərinin təhlükəsiz və
salamat olduğu bildirilir. Hadisənin ətraf mühitə heç bir təsir
göstərmədiyi qeyd olunub.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının
bağlandığını bildirir.

