ABŞ-nin Yaxın Şərqdəki donanmasının hərbçiləri acdır

Baş səhifə

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcısının 250 gündən çoxdur dənizdə qalması gəmidəki hərbçilərin yaxınları arasında ciddi narahatlıq yaradıb. Onlar gəmidə ərzaq çatışmazlığı, nasaz sanitariya sistemləri və hərbçilərin psixoloji vəziyyəti ilə bağlı problemlərin olduğunu bildirirlər.

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edilib ki, hazırda “Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində təxminən 5 min hərbçi var.

Aviadaşıyıcı 2025-ci ilin noyabrında Kaliforniyadakı limandan yola çıxaraq əvvəlcə Cənubi Çin dənizinə göndərilib. Daha sonra ABŞ-ın İranla müharibəsi başlayandan sonra Yaxın Şərqə istiqamətləndirilib.

Hərbçilərin may ayında evlərinə qayıtması planlaşdırılsa da, onların ezamiyyət müddəti dəfələrlə uzadılıb. Nəticədə gəmi artıq 250 gündən çoxdur dənizdədir və ekipajın yorğunluğu ilə bağlı narahatlıqlar artıb.

Hərbçilərin yaxınları gəmidə ərzaq çatışmazlığı, işləməyən sanitar qovşaqları, gigiyena problemləri və digər çatışmazlıqların olduğunu bildirirlər. Onların sözlərinə görə, uzunmüddətli missiya hərbçilərin psixoloji vəziyyətinə də mənfi təsir göstərir.

Hərbçilərdən birinin yaxını anonimlik şərtilə BBC-yə bildirib ki, onun ailə üzvü missiyanın əvvəlindən etibarən 29 kiloqram arıqlayıb.

Onun sözlərinə görə, həmin hərbçi özünü gəmidən dənizə atmağa cəhd edib.

“WhatsApp” vasitəsilə son söhbətlərindən birində isə hərbçi “Ölümcül dərəcədə yorulmuşam. Ölümcül” deyib.

Məsələ ilə bağlı ABŞ qanunvericiləri Pentaqondan izahat tələb ediblər. Senator Riçard Blumental gəmidə suyun çirklənməsi, təchizat çatışmazlığı, santexnika və təhlükəsizlik problemləri, məktubların gecikdirilməsi və hərbçilərin psixoloji vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə edib.

ABŞ müdafiə naziri Pit Heqset isə gəmidəki vəziyyətlə bağlı xəbərləri rədd edib. O, “Abraham Lincoln”un göyərtəsindəki şərait barədə məlumatların reallığı təhrif etdiyini bildirib.

Bununla yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələri gəmidə intihar riskinin artdığını müəyyən etmədiyini və hərbçilərin psixoloji dəstək imkanlarına çıxışının olduğunu açıqlayıb.

Qeyd edək ki, “Abraham Lincoln”un ekipajının dəyişdirilməsi üçün “George Washington” aviadaşıyıcısının Yaxın Şərqə doğru hərəkət etdiyi bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir