
Bakı.Trend:
ABŞ-də kibercinayətkarlıqla mübarizəyə yanaşmada genişmiqyaslı
dəyişiklik baş verəcək. Seçilmiş özəl şirkətlər yalnız müştəriləri
kiberhücumlardan qorumaqla kifayətlənməyəcək, həm də hökumətin
tapşırığı ilə hücum xarakterli əməliyyatlar (kiberhücumlar) həyata
keçirə biləcəklər. ABŞ Prezidenti Donald Tramp bununla bağlı milli
təhlükəsizlik üzrə memorandum imzalayıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Memorandum federal hüquq-mühafizə orqanlarının transmilli
kibercinayətkarlıqla mübarizə imkanlarını genişləndirib. Bundan
sonra onlar ABŞ vətəndaşlarına, şirkətlərinə və infrastrukturuna
hücum edən xarici cinayətkar qruplara qarşı kiberalətlərdən rəsmi
şəkildə istifadə edə biləcəklər.
Yeni tədbir ilk növbədə şantajçı proqramların operatorlarına,
internet fırıldaqçılığı şəbəkələrinə, fişinq kampaniyalarının
təşkilatçılarına, şəxsi məlumatların oğurlanması və rəqəmsal
hədə-qorxu ilə bağlı sxemlərə qarşı yönəlib. ABŞ hakimiyyəti belə
cinayətləri yalnız araşdırmaq deyil, həm də cinayətkarların
istifadə etdiyi infrastrukturun, kommunikasiya və maliyyə
mexanizmlərinin fəaliyyətini pozmaq niyyətindədir.

