Bakıda genişmiqyaslı iməclik keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İsti yay günlərində paytaxtın sanitar təmizlik səviyyəsinin daha
da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi
ilə Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şənbə günü, avqust
ayının 15-də paytaxtda növbəti genişmiqyaslı daxili iməclik
keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən
məlumata görə, hər dəfə olduğu kimi paytaxtın kommunal təsərrüfat
xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də
məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu
maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və
küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq
dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət
yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və
yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə,
ticarət və digər obyektlərin vitrinləri təmizlənib, köşk və
dayanacaqlar yuyulub.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı
ağaclar yuyulub, qurumuş budaqlar budanıb, onların dibi
yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq
göstərilib. Eyni zamanda, park, prospekt və küçə kənarlarında şəhər
sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayan rəngbərəng
güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar
yaradılıb.




İməcliklə yanaşı həm də paytaxt sakinlərinin asudə vaxtının daha
səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon
İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat
19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli
istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi”
parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının
yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə
parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat
parkında açıq hava konsertləri keçiriləcəkdir.

Qeyd edək ki, axşam konsertlərinin keçirilməsinə keçən həftədən
start verilib və bu konsertlər yayın sonuna kimi davam
edəcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir