
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4,882 milyard ABŞ
dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında)
ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təbii
qaz ixracının dəyəri 386,7 milyon ABŞ dolları və ya 7,3% azalıb,
həcmi isə 18,019 milyon ton və ya 0,1% artıb.
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il
üzrə İllik Toplantılarının açılış mərasimində bildirib ki, hazırda
Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir.
“Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası
baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik.
Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı
daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və
istehlakçıların hamısına fayda gətirir.
Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən,
layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda
olan müxtəlif siyasi maneələr baxımından unikaldır”, – deyə dövlət
başçısı vurğulayıb.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji
Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji
gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar
sessiyasında deyib ki, ötən il Avropa İttifaqına boru kəməri idxal
olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil
edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti
istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları
nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən
olunur.
“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii
qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru
kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri
sırasına çıxarır”, – deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa
İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.
“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya
16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana
3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac
edib”, – deyə o əlavə edib.

