
Bakı. Trend:
Bruney Sultanı Həsənal Bolkiah gəlinini yolverilməz davranış və
monarxa hörmətsizlik səbəbilə bütün titullarından məhrum edib.
Bu barədə “People.com” məlumat yayıb.
33 yaşlı Pəngiran Raabiyatul Adaviyah taxt-tac varisliyi
sırasında dördüncü olan şahzadə Əbdül Məlikin həyat yoldaşıdır. O,
avqustun 8-də imzalanan fərmanla şahzadə-konsort titulundan məhrum
edilib.
Saraydan bildirilib ki, onun davranışı monarxiyanın nüfuzuna
xələl gətirib və Sultan Həsənal Bolkiaha hörmətsizlik nümayiş
etdirib. Bununla belə, nə rəsmi açıqlamada, nə də yerli KİV-də onun
konkret olaraq hansı hərəkəti etdiyi açıqlanıb.
Sultanın əvvəlki hallarda boşandığı həyat yoldaşlarını
titullarından məhrum etməsindən fərqli olaraq, bu dəfə söhbət
nikahın pozulmasından getmir. Raabiyatul Adaviyah ilə şahzadə Əbdül
Məlikin 2015-ci ildə bağlanan nikahı qüvvədə qalır.

