
Bakı. Trend:
Yunanıstanda həftələrlə davam edən meşə yanğınlarından sonra
yanğın təhlükəsi səviyyəsinin aşağı salınacağı gözlənilir.
Bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, Yunanıstan hakimiyyəti çərşənbə axşamı hava
şəraitinin yaxşılaşacağını və bunun yanğın təhlükəsinin 5 ballıq
şkala üzrə 2-ci səviyyəyə endirilməsinə imkan verəcəyini bildirib.
Attika, o cümlədən Afina, Mərkəzi Yunanıstan və Peloponnesin
şimalında isə təhlükə səviyyəsi 3 olaraq qalacaq.
Bu, son həftələrdə yeddi nəfərin ölümü ilə nəticələnən şiddətli
meşə yanğınlarından sonra vəziyyətin müvəqqəti yaxşılaşması kimi
qiymətləndirilir.
Belçikada isə ərazinin mürəkkəb relyefi yanğınsöndürənlərin
işini çətinləşdirir. Xüsusilə bataqlıq ərazilərdə ağır texnikanın
hərəkət edə bilməməsi səbəbindən havadan dəstəkdən istifadə
olunur.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib
ki, meşə yanğınlarından zərər çəkən ölkələrə yardım üçün bir neçə
qrup göndərilib.
Məlumata görə, Avropa İttifaqı Belçikaya İsveçdən iki
yanğınsöndürmə təyyarəsi, Niderland, Norveç və Almaniyanın hər
birindən isə iki helikopter göndərib. İspaniyada yanğınlarla
mübarizəyə Fransadan 104 yanğınsöndürən və 36 texnika cəlb olunub.
Aİ həmçinin “Copernicus” xidməti vasitəsilə peyk xəritələşdirməsi
ilə fövqəladə hallara müdaxilə səylərinə dəstəyini davam
etdirir.

