
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) 2026-cı ilin avqustunda Avropanı Qara dəniz
və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə əlaqələndirməyi
nəzərdə tutan yeni nəqliyyat əlçatanlığı platformasını istifadəyə
verib. Aİ beynəlxalq maliyyə institutları ilə birlikdə Qara dəniz
regionu və Cənubi Qafqazda infrastrukturun inkişafına təxminən 2
milyard avro vəsait səfərbər etməyi planlaşdırır.
Bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA)
məlumatında bildirilir.
Məlumata əsasən, Aİ-nin genişlənmə üzrə komissarı Marta Koss
bildirib ki, Transxəzər marşrutu üzrə yükdaşımaların həcmi
qarşıdakı 15 ildə beş dəfə arta bilər.
Vurğulanıb ki, dəhlizin əsas iştirakçıları Qazaxıstan və
Azərbaycandır.
“Qazaxıstan son yeddi ildə nəqliyyat infrastrukturuna 35 milyard
dollar sərmayə yatırdığını və Çinlə Avropa arasında əsas bağlantı
nöqtələrindən biri kimi rolunu gücləndirmək üçün gələcəkdə də
investisiyaları davam etdirəcəyini açıqlayıb.
Beynəlxalq maliyyə institutları da Transxəzər marşrutunun
inkişafında fəal iştirak edir. Asiya İnfrastruktur İnvestisiya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Qazaxıstanda Almatını yan
keçən 75 kilometrlik dəmir yolu xəttinin tikintisini təxminən 300
milyon dollar məbləğində maliyyələşdirir. Ölkənin avtomobil
yollarının modernləşdirilməsi proqramının dəyəri isə 1,5 milyard
dollar təşkil edir.
Qazaxıstanın Xəzər dənizindəki limanlarının imkanları da
genişləndirilib. Aktau və Kurık limanlarında həyata keçirilən
layihələr nəticəsində onların ümumi yükaşırma qabiliyyəti ildə 21,6
milyon tona çatdırılıb. Paralel olaraq, Azərbaycan və Gürcüstan
Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük
qabiliyyətini artırmaq üzərində çalışırlar ki, bu da yüklərin
Türkiyə və Avropa bazarlarına daşınmasını asanlaşdırsın.
İnfrastrukturun inkişafına baxmayaraq, Orta Dəhliz üzrə
yükdaşımaların həcmi hələ də nisbətən aşağıdır. 2024-cü ildə
marşrut üzrə 4,5 milyon ton, 2025-ci ildə isə 4,7 milyon ton yük
daşınıb. 2030-cu il üçün hədəf bu göstəricini 11 milyon tona
çatdırmaqdır.
Avropa İttifaqı üçün Orta Dəhliz Çindən gələn yüklərin Rusiya
marşrutuna alternativ istiqamət üzrə daşınması baxımından
əhəmiyyətlidir. Çin isə bu marşruta Avropaya yük tədarük
marşrutlarını şaxələndirmək və Mərkəzi Asiya ilə Cənubi Qafqazda
iqtisadi təsirini gücləndirmək imkanı kimi yanaşır”, – məlumatda
qeyd edilib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

