
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 107,2 min ton maye
qazlar istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 26,4 min ton və ya 19,8% azdır.
Bu ilin avqustun 1-i vəziyyətinə ölkənin sənaye müəssisələrinin
anbarlarında hazır maye qazlar ehtiyatı 2,6 min ton təşkil
edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 463,2 milyon
manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9
faiz azalıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya
departamentinin direktoru Cihad Azur Trend-ə özəl müsahibəsində
bildirib ki, enerji sektorundan əldə olunan gəlirlər uzunmüddətli
iqtisadi dayanıqlığın gücləndirilməsi üçün səmərəli şəkildə idarə
olunmalıdır. Cihad Azurun sözlərinə görə, enerji bazarlarında
yüksək volatillik şəraitində neft və neft məhsulları sektorundan
əldə olunan gəlirlərin səmərəli idarə edilməsi xüsusi əhəmiyyət
daşıyır. “Neft və qaz qiymətlərinin yüksək volatilliyi şəraitində
yaşayırıq və buna görə qiymət piklərindən həddindən artıq
asılılığın qarşısını almaq üçün həmişə qabaqcadan planlaşdırmaq
vacibdir”, – deyə BVF rəsmisi Trend-ə bildirib.

