
Bakı. Trend:
Bakının Yasamal və Nəsimi rayonlarında ümumilikdə 15 min 500
manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı iki
nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən mənzillərin
birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları
oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində
əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən
edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı
məlum olub.
Digər oğurluq hadisəsi isə Nəsimi rayonunda qeydə alınıb. Rayon
ərazisində fəaliyyət göstərən kafe və mağazalardan birindən pul
vəsaiti, eləcə də dəyəri 5500 manat olan qızıl-zinət əşyaları
oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən Ə.Əmiraslanov müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

