
Azercell insan kapitalının inkişafı və rəqəmsal transformasiya
sahəsində həyata keçirdiyi layihələrlə “2026 Brandon Hall Group HCM
Excellence Awards”da üç mükafat qazanıb. İnsan kapitalının
idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin
qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin “İnsan
kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası”
layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı “Liderlik
bacarıqlarının inkişafı proqramı” gümüş, “AI Bootcamp” layihəsi isə
bürünc mükafata layiq görülüb.
“İnsan kapitalına investisiya şirkətimizin uzunmüddətli
inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal
ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir
texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu
transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının
inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki,
texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni
imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes
nəticələrinə çevirə bilməsi ilə formalaşır”, – deyə Azercell-in
İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin
tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal
transformasiyasını davam etdirir. Bu transformasiya insan
kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors
platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının
80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma
həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı
qərarvermə imkanlarını genişləndirir.
Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik
bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business
School ilə birgə hazırlanan “Liderlik bacarıqlarının inkişafı
proqramı” şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq,
məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın
effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi
bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına
yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır.
Azercell-in dəstəyi ilə həyata keçirilən “AI Bootcamp” ölkənin
müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt
üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real
tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə
ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə
və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların
formalaşdırılmasına xidmət edib.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye
ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes
ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi,
innovativ yanaşma və ölçülə bilən nəticələr kimi meyarlar əsasında
qiymətləndirilir. Azercell-in əldə etdiyi nəticə şirkətin texnoloji
transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin
beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.

