
NEQSOL Holding 2026-cı il “Brandon Hall Group HCM Excellence
Awards” çərçivəsində “Gələcək iş”(Future of Work), “İnsan
resurslarının idarə edilməsi” (Human Resources) və “Təlim və
inkişaf” (Learning & Development) kateqoriyalarında dörd mükafata
layiq görülüb. Bu beynəlxalq mükafatlar Holdinqin insan kapitalının
strateji inkişafı, korporativ öyrənmə və inkişaf, eləcə də müasir
iş mühitinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi
layihələrin beynəlxalq səviyyədə tanındığını nümayiş etdirir.
Bu il Holdinq üçün xüsusi əhəmiyyət daşıyan nailiyyətlərdən biri
“NEQSOL AI Upskilling” Proqramının “Süni intellekt və gələcək iş”
(“AI and Future of Work”) kateqoriyasında Qızıl mükafata layiq
görülməsidir. Mükafat Holdinqin biznesin gələcək tələblərini
qabaqlayaraq əməkdaşların süni intellekt sahəsində bilik və
praktiki bacarıqlarının inkişafına yönəlmiş strateji yanaşmasının
beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Proqram
əməkdaşlara süni intellekt alətlərindən iş fəaliyyətlərində
effektiv istifadə etməyə imkan yaradaraq, səmərəliliyin daha da
artırılmasına, innovasiyaların təşviqinə və dəyər yaradılmasına
töhfə verir.
“Müasir biznes mühitində bilik və bacarıqlara sərmayə tədricən
daha böyük əhəmiyyət kəsb edir. İnsan kapitalının inkişafı strateji
prioritetlərimizdən biridir və biz əməkdaşlarımızın gələcəyin
tələblərinə uyğun bacarıqlara yiyələnməsini davamlı şəkildə
dəstəkləyirik. Bu yanaşma süni intellekt kimi yeni texnologiyalar
üzrə bilik və təcrübənin artırılması ilə yanaşı, liderlik və
peşəkar bacarıqların gücləndirilməsini, eləcə də davamlı öyrənmə
mədəniyyətinin formalaşdırılmasını əhatə edir. Bu mükafatlar həm
əməkdaşlarımıza uzunmüddətli sərmayələrimizi, həm də
komandalarımızın birgə səylərini əks etdirir. Bu nailiyyətlərin
əldə olunmasına töhfə verən hər kəsə təşəkkür edirəm”, – deyə
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç
bildirib.
Digər mükafatlar NEQSOL Holding-in təlim və insan kapitalı
ekosisteminin inkişafı istiqamətində əldə etdiyi uğurları əks
etdirir. Qeyd olunan istiqamətlərə peşəkar inkişaf, ixtisasartırma,
sosial təsir təşəbbüsləri və Holdinq üzrə davamlı öyrənməni təşviq
edən proqramlar daxildir.
Qeyd edək ki, NEQSOL Holding daha əvvəl istedadların inkişafı,
təlim və liderlik sahələrində təşkilat miqyasında həyata keçirdiyi
kompleks yanaşmaya görə Association for Talent Development
(“İstedadların İnkişafı Assosiasiyası”) tərəfindən təqdim olunan
BEST Award 2026 mükafatına layiq görülüb. Bu yanaşma
fərdiləşdirilmiş təlim, peşəkar inkişaf, mentorluq və kouçinq
imkanları təqdim edən Holdinqin rəqəmsal təlim ekosistemi olan
NEQSOL Academy vasitəsilə dəstəklənir. 2026-cı ildə Holdinq
NEQSOL Academy
çərçivəsində SkillHub platformasını istifadəyə verərək
istifadəçilərə süni intellekt, rəqəmsal transformasiya, biznes,
liderlik, kommunikasiya və şəxsi inkişaf üzrə kurslardan ödənişsiz
yararlanmaq imkanı təqdim edib.
“Brandon Hall Group Excellence Awards” insan kapitalının idarə
olunması sahəsində aparıcı beynəlxalq mükafatlardan biri hesab
olunur, təlim və inkişaf, istedadların idarə edilməsi, liderliyin
inkişafı və təşkilati effektivlik sahələrində mühüm nailiyyətləri
qiymətləndirir. Mükafatın qalibləri müxtəlif meyarlar əsasında
aparılan hərtərəfli təhlil və qiymətləndirmə prosesi nəticəsində
müəyyən edilir.
NEQSOL Holding
beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji,
tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Qrup dünya üzrə 25 milyon müştəriyə xidmət göstərir və 20 mindən
çox əməkdaşı var.
NEQSOL Academy
davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini
təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ
öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları
təqdim edən NEQSOL Academy “Hər yerdə, Hər zaman” prinsipini rəhbər
tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ
inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.

