
Bakı. Trend:
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
xidmətlərinin birgə məlumatında qeyd edilib.
Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü
kəndi ərazisində avqustun 21-də mina partlayışı hadisəsi baş
verib:
“Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas
oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi
traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən
xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma
aparılır”.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara
toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə
fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, – deyə
məlumatda bildirilib.

