
Bakı. Trend:
İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimat
mərasimi keçirilib.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acarın müəllifi
olduğu nəşrdə İğdırın tarixi, mədəni irsi, adət-ənənələri, eləcə də
şəhərin ictimai-mədəni həyatının müxtəlif istiqamətləri haqqında
məlumatlar yer alıb. Kitab Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib.
Təqdimat mərasimində İğdır valisi Mustafa Fırat Taşolar, İğdır
Vilayət Polis İdarəsinin rəisi Niyazi Turgay, İğdır Universitetinin
rektorunun müşaviri professor Uğur Şimşək, Milliyyətçi Hərəkat
Partiyası (MHP) İğdır vilayətinin sədri Hüseyn Ateş, İğdır Melekli
qəsəbəsinin rəhbəri Mücahit Tanık, eləcə də ictimaiyyət və
mədəniyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Ziya Zakir Acar kitabın ərsəyə gəlməsi
məqsədi, hazırlanma prosesi və nəşrdə əks olunan mövzular barədə
məlumat verib. Bildirib ki, əsərin əsas məqsədi İğdırın
tarixi-mədəni irsinin araşdırılması, qorunması və daha geniş
auditoriyaya çatdırılmasıdır.
Çıxışlarda İğdırın qədim tarixinin, zəngin mədəni irsinin
öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi
vurğulanıb. Qeyd olunub ki, “Her Yönüyle Iğdır” kitabı şəhərin
tarixi-mədəni dəyərlərinin tanıdılması baxımından mühüm mənbələrdən
biridir.
Sonda tədbir iştirakçıları üçün kitabın imza mərasimi
keçirilib.
Təqdimat mərasimi Azərbaycan-Türkiyə arasında ortaq mənəvi
dəyərlərə əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsi
baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.

