
Bakı. Trend:
Panama bayrağı altında üzən “MV Ocean Winner” yük gəmisi Benqal
körfəzində, Hindistanın Odişa ştatının Paradip sahillərindən
təxminən 240 dəniz mili aralıda batıb.
Hadisədən sonra Hindistanın Sahil Mühafizəsi və Hərbi Dəniz
Qüvvələri genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına
başlayıb.
Gəmidə ümumilikdə 24 heyət üzvü olub. Onların 20-si Çin, üçü
Myanma, biri isə Banqladeş vətəndaşıdır.
Rəsmi məlumata əsasən, iki nəfər xilas edilib, daha 22 heyət
üzvünün axtarışları davam etdirilir.
Məlumata görə, dəmir filizi daşıyan gəmi cümə günü Odişadakı
limandan Sinqapur istiqamətində yola çıxmışdı.
Gəminin batmasına səbəb olan hadisənin dəqiq səbəbləri hələlik
müəyyən edilməyib.

