
Bakı. Trend:
Tailandın cənub bölgələrində silahlı şəxslər mülki
infrastruktura qarşı 30-dan çox hücum həyata keçiriblər. Hadisələr
nəticəsində iki nəfər xəsarət alıb.
İnsidentlər Narathivat, Pattani və Yala əyalətlərində qeydə
alınıb.
Məlumata görə, hücumçular kommunal xidmətlərə məxsus nəqliyyat
vasitələrini yandırıb, mobil rabitə qüllələrinə ziyan vurub,
həmçinin inzibati binaları və mağazanı hədəfə alıblar. Partlayıcı
qurğunun işə düşməsi nəticəsində iki qadın qəlpə yaraları alıb.
Hadisədən sonra Tailand Ordusunun Dördüncü Hərbi Dairəsinin
komandanı general-leytenant Norathip Phoynok araşdırmanın
başlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə
göstəriş verib. Hərbçilər və polis gücləndirilmiş hazırlıq rejiminə
keçirilib, yollar və strateji əhəmiyyətli obyektlər üzrə patrul
xidməti artırılıb.
Yerli əhaliyə evdən zərurət olmadıqca çıxmamaq, şübhəli şəxslər
və əşyalar barədə hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə
olunub.
Qeyd edək ki, Tailandın əsasən müsəlmanların yaşadığı cənub
bölgələrində silahlı qarşıdurma 70 ildən artıqdır davam edir.
2004-cü ildən etibarən yaraqlı qrupların fəaliyyəti daha da
intensivləşib. Onlar Narathivat, Pattani və Yala əyalətlərinin
ayrılaraq həmin ərazilərdə sultanlığın yaradılmasını tələb
edirlər.
Münaqişənin kəskinləşdiyi dövrdən bu günədək 7 mindən çox insan
həlak olub, 13 mindən artıq sakin isə yaralanıb.

