Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə
məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses
təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi
ilə fərqlənib.

Belə ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham
olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə
əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə
külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq AR-dən xarici
ölkəyə və ya xarici ölkədən AR-ə gizli köçürülməsi fəaliyyətinin
təşkilində təqsirli biliniblər. B.H.R. 2 il 5 ay müddətinə
azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə
cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və
31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.

Eyni zamanda, hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı
ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv
xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta
dövlət nəfinə müsadirə edilib.
Vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən,
xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və
vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və
əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bununla
yanaşı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə cinayət
yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa
düşülür.




Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası
mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada
geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək
tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda
da nisbətən yeni istiqamət olaraq qalır.

Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto
bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul
edilməsi istiqamətində intensiv işlər aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir