
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC
kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik “FIRST” (Forum
of Incident Response and Security Teams – İnsidentlərə Qarşı
Mübarizə və Təhlükəsizlik Forumu) təşkilatına üzv qəbul edilib.
Bununla da “AzInTelecom” FİRST tərəfindən Azərbaycanda nəqliyyat
sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi
kimi tanınıb və “Transport CERT” komandası statusunu qazanıb.
Üzvlük çərçivəsində komandanın fəaliyyəti “SIM3” modeli üzrə
qiymətləndirilib və yerində baxış əsasında beynəlxalq standartlara
uyğunluğu təsdiqlənib.
Bu status “AzInTelecom”a xarici mənşəli kiberhücumları
beynəlxalq tərəfdaşlarla operativ neytrallaşdırmaq, MISP
platforması üzərindən təhdid kəşfiyyatı mübadiləsi aparmaq,
həmçinin təşkilatda səsvermə, işçi qruplarında təmsilçilik hüququ
qazandırır.
“AzInTelecom”un “FIRST”ə üzv qəbul edilməsi şirkətin
kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun
fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin
etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir. Eyni zamanda
şirkətin “Google”, “Amazon”, “Microsoft”, “Apple”, “Cisco” və “CrowdStrike” kimi dünya nəhəngləri ilə eyni qlobal müstəvidə
təmsil olunmasını təmin edir, nəqliyyat sektorunda
kiberdayanıqlılığın gücləndirilməsinə və institusional imkanların
inkişafına töhfə verir.
Qeyd edək ki, “AzInTelecom” fəaliyyətini Azərbaycan
Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi
və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir,
texnoloji imkanlarını davamlı şəkildə gücləndirir. Şirkət
kibertəhlükəsizlik sahəsində potensialını və beynəlxalq
tərəfdaşlıqlarını genişləndirməklə ölkənin rəqəmsal
təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam
edəcək.

