TRIPP Ermənistanın Rusiyadan asılılığını azaldacaq – ŞƏRH

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026–2031-ci illər üzrə proqramını təqdim edərkən Rusiyanı qıcıqlandıran fikirlər səsləndirib. Belə ki, Ermənistanın Aİ-yə üzvlük istiqamətində hazırlıq prosesi yaxın vaxtlarda başlayacaq. Baş nazir bildirib ki, bu proses Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşlarının xahişi əsasında da həyata keçiriləcək. Paşinyan Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının Rusiyada narahatlıq doğurduğunu da qeyd edib.  Eyni zamanda, Pşinyan KTMT-dən çıxmaqlarına məmnun olacağını da qeyd edib. 

Rusiya və Ermənistan arasında görünür, bundan sonra münasibətlər daha da gərginləşəcək. Maraqlıdır, prosesin sonu necə yekunlaşacaq? Rusiya Ermənistana qarşı hansı addımları atacaq?

Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmlənməsi Ermənistan üçün Rusiyadan asılılığı azaldan alternativ imkanlar yaradır:

“Rusiya-Ermənistan arasında gərginliyin artacağını Nikol Paşinyan özü də bəyan edir və bunu bilavasitə Azərbaycan-Ermənistan arasında sülh prosesinin tədricən möhkəmlənməsi ilə əlaqələndirir. Bu o deməkdir ki, sülh prosesi möhkəmləndikcə Ermənistanın alternativ imkanları genişlənir. İstər yeni nəqliyyat kommunikasiyalarının açılması, istər Türkiyə vasitəsilə Avropaya, o cümlədən Aralıq dənizi və Yaxın Şərqə çıxış imkanlarının yaranması, istərsə də perspektivdə TRIPP, yəni Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan dəmir yolu ilə İrana və Hindistana qədər çıxış əldə edilməsi Ermənistan üçün yeni imkanlar yaradır. Bütün bunlar Rusiyaya alternativlər formalaşdırır və Ermənistanın imkanlarını artırır. Bu isə dolayısı ilə Rusiyanın Ermənistan üzərindəki təsir imkanlarını azaldır. Rusiya məhz bundan narahat olduğu üçün Ermənistana qarşı təzyiqləri artırır. Bir tərəfdən Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçimlə bağlı qərar verilməsi və referendum keçirilməsi tələbi gündəmə gətirilir. Digər tərəfdən Ermənistanın ictimai-siyasi vəziyyətinin daha da gərginləşdirilməsi istiqamətində addımlar atılır. Bununla yanaşı, iqtisadi təzyiqlər, Ermənistan məhsullarına tətbiq edilən embarqolar da mövcuddur. Bütün bunların əsas məqsədi Ermənistanı Avropaya inteqrasiya siyasətindən vaz keçirməyə çalışmaqdır. Xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi möhkəmləndikcə Ermənistan üçün açılan yeni imkanlar Rusiyanın təsir imkanlarını azaldır. Ona görə də Ermənistan-Rusiya münasibətləri getdikcə daha gərgin müstəviyə keçir. Nikol Paşinyan da məsələni təxminən bu istiqamətdə izah edir. Dolayısı ilə demək istəyir ki, bu, sadəcə Ermənistan-Rusiya münasibətləri məsələsi deyil. Azərbaycan-Ermənistan sülh prosesində və yeni nəqliyyat kommunikasiyalarının açılmasında Rusiyanın rolunun olmaması Moskvanı narahat edir. Buna görə də Rusiya münasibətləri gərgin müstəviyə daşıyır”.

                 

Politoloq Rusiyanın Ermənistana hərbi müdaxiləsi ehtimalının isə yüksək olmadığını düşünür:

“Rusiyanın hərbi müdaxiləsini gözləmirəm. Əvvəla, Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur ki, Ukraynada olduğu kimi bir neçə tankla sərhədi keçərək Ermənistanda hakimiyyəti dəyişməyə cəhd etsin. Doğrudur, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. Ancaq onların imkanları nə qədərdir? Ermənistanda Rusiyanın sərhəd qoşunlarında xidmət edən təxminən 5 min hərbçini də nəzərə alsaq, söhbət məhdud bir kontingentdən gedir. Ona görə də düşünmürəm ki, Rusiya belə bir hərbi müdaxiləyə əl atsın.Çünki bu müdaxilə baş tutmadığı təqdirdə bunun Rusiya üçün hansı ciddi hərbi, hüquqi və siyasi nəticələr doğuracağını Moskva da yaxşı bilir. Bundan başqa, bu gün Ermənistanda belə bir addımı atmaq Rusiya üçün o qədər də asan deyil. Ermənistan bütün Qərb institutlarının və kəşfiyyat mərkəzlərinin diqqətində olan ölkədir. Sadəcə olaraq, Rusiyanın zaman-zaman Ermənistana etdiyi təzyiqləri bu gün Ermənistan rəhbərliyi Rusiyanın əleyhinə istifadə etmək istəyir. Yəni Rusiya rəhbərliyi öz dediklərinin girovuna çevrilib. Məhz Rusiya rəhbərliyi və KTMT rəhbərliyi Ermənistanın yaxın zamanlarda KTMT-dən çıxarıla biləcəyi barədə danışırdı. Bu gün isə Nikol Paşinyan buna cavab olaraq Ermənistanın bundan məmnun olacağını bildirir. Yəni Paşinyan Rusiyanın öz silahlarını ona qarşı çevirir və dolayısı ilə Ermənistanın KTMT-dən çıxması məsuliyyətini də Rusiyanın üzərinə atmış olur. Eyni vəziyyət Avrasiya İqtisadi Birliyinə də aiddir. Dolayısı ilə deyilir ki, əgər siz referendum keçirilməsini tələb edirsinizsə, referendumun keçirilməsi üçün isə Avropa İttifaqına rəsmi müraciət edilməlidir, bu, Ermənistan rəhbərliyi üçün əlavə arqument yaradır. Beləliklə, Ermənistan deyə bilər ki, biz hələ Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etmək barədə düşünmürdük. Məhz Avrasiya İqtisadi Birliyinin rəhbərliyinin tələbi bizi Avropaya inteqrasiya və Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməyə, bunun ardınca isə referendum keçirməyə məcbur etdi. Yəni bu gün Nikol Paşinyan Rusiyanın özünün atdığı addımları və irəli sürdüyü tələbləri Rusiyanın əleyhinə çevirməkdədir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir