
Bakı. Trend:
Faiz müqabilində borc verilməsi Azərbaycan qanunvericiliyində
qadağan olunmasa da, bu fəaliyyətin sistemli və gəlir əldə etmək
məqsədilə həyata keçirilməsi müəyyən hallarda hüquqi məsuliyyətə
səbəb ola bilər.
Bu barədə Ali Məhkəmənin vətəndaşlar üçün hazırladığı hüquqi
izahda bildirilib.
Məlumata görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda
nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən
edilmiş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu isə
fiziki şəxslər arasında faizlə borc verilməsinin özlüyündə qanunsuz
olmadığını göstərir.
Ali Məhkəmə diqqətə çatdırıb ki, konkret bir şəxsə borc
verilməsi ilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə
borc verilməsi eyni hüquqi münasibət hesab edilmir. Fəaliyyətin
xarakteri onun qanuniliyinin qiymətləndirilməsində əsas meyarlardan
biridir.
Qeyd olunub ki, faizlə borc münasibətləri yazılı müqavilə ilə
rəsmiləşdirilməli, əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma
qaydası, qaytarılma müddəti və ödəniş şərtləri müqavilədə dəqiq
göstərilməlidir. Həmçinin pul vəsaitinin verilməsi və qaytarılması
mümkün qədər sənədləşdirilməli, xüsusilə bank köçürmələrindən
istifadə olunmalıdır.
Ali Məhkəmənin izahına əsasən, əgər şəxs gəlir əldə etmək
məqsədilə qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc
verirsə, bu halda onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya
çıxır.
Mülki Məcəllənin 740.10-cu maddəsinə görə, gəlir əldə etmək
məqsədilə müntəzəm və ya qeyri-məhdud subyektlərə pul vəsaitlərinin
borc verilməsi yalnız kredit fəaliyyəti ilə məşğul olmaq hüququ
olan şəxslər tərəfindən həyata keçirilə bilər. Bu tələblərə əməl
edilməməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə bilər.
Ali Məhkəmə vurğulayıb ki, belə hallarda borc verən şəxs
məhkəməyə müraciət etdikdə onun fəaliyyətinin qanuniliyi də
araşdırıla bilər. Məhkəmə qanunsuz sahibkarlıq və ya digər hüquq
pozuntularının əlamətlərini müəyyən etdikdə, materialları hüquqi
qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.
Bundan əlavə, qanunsuz fəaliyyətin müəyyən olunması borc verənin
maliyyə tələblərinə də təsir göstərə bilər. Belə ki, bu halda
müqavilə üzrə nəzərdə tutulmuş faizlərin və digər gəlirlərin tələb
olunması məhdudlaşdırıla, yalnız qanunvericilikdə nəzərdə tutulan
gecikdirilmiş öhdəliklər üzrə illik 5 faiz tələb etmək imkanı qala
bilər.
Ali Məhkəmə vətəndaşlara tövsiyə edir ki, faizlə borc
münasibətlərini yazılı müqavilə ilə rəsmiləşdirsinlər, bütün
ödənişləri sənədləşdirsinlər və fəaliyyət sistemli xarakter
daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən
etsinlər.
Qurumun mövqeyinə görə, pul vəsaitinin şəxsin özünə məxsus
olması onun qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar
şəkildə sistemli dövriyyəyə buraxılması hüququ vermir. Əks halda,
bu fəaliyyət məhkəmə mübahisələrinə, xüsusi qərardadlara, eləcə də
inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.

