Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Sabitlik,
uğurlu islahatlar, mükəmməl qanunvericilik bazası və bu kimi digər
mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artıran
faktorlar qismində çıxış edir. Ölkədə fəaliyyət göstərən sənaye
zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı
üçün əlverişli və dayanıqlı mühit formalaşıb. Bu məqsədlə
rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya
infrastrukturu ilə (elektrik enerjisi, qaz, su, yol, rabitə və
digər xidmətlər) tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək
imkanı əldə edirlər. Sənaye parklarının rezidentlərinə geniş vergi
və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata
alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və
torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal
məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular
10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından
azaddır. Bu, və digər amillər ölkəyə davamlı investisiya axınını
təmin edir. Bu, statistik göstəricilərdə öz əksini tapıb. Dövlət
Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul
aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə real
ifadədə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 % artaraq
7 milyard 403,3 milyon manat təşkil edib.

Ölkəyə investisiya axınının artması ilə yanaşı, investisiya
layihələrinin daha səmərəli seçilməsi, prioritetləşdirilməsi və
icrasının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu
zərurət Azərbaycanın investisiya siyasətində yeni institusional
mexanizmin formalaşdırılmasını şərtləndirib. Nazirlər Kabinetinin 1
iyun 2026-ci il sərəncamı ilə ölkə iqtisadiyyatı üçün xüsusi
əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin
sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin
planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin
qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya
yaradılıb.

Strateji investisiya layihələrin ilkin siyahısı İqtisadiyyat
Nazirliyi tərəfindən müəyyənləşdirilir, daha sonra potensial
investisiya layihələrinin siyahısı baxılma üçün Komissiyaya təqdim
edilir. Komissiya strateji investisiya layihələrinin “sürətli
keçid” mexanizmi çərçivəsində obyektiv analitik meyarlar əsasında
seçilməsini və qiymətləndirilməsini həyata keçirəcək. Bu, iri
investisiya layihələrinin həyata keçirilməsi müddətinin təxminən
30–40 faiz azaldılmasına imkan verəcək.




Yeni mexanizmin mahiyyəti strateji əhəmiyyət daşıyan investisiya
layihələrinin daha koordinasiyalı və vahid yanaşma əsasında həyata
keçirilməsidir. Çünki iri investisiya layihələrinin
reallaşdırılması bir sıra məsələləri özündə birləşdirir.
Layihələrin icrası torpaq, infrastruktur, enerji təminatı, tikinti,
ekologiya, gömrük, vergi, nəqliyyat və digər istiqamətlər üzrə
əlaqəli qərarların operativ və əlaqələndirilmiş şəkildə qəbulunu
tələb edir. Məhz buna görə Komissiyanın tərkibinə iqtisadiyyat,
maliyyə, energetika, ekologiya, ədliyyə, əmək, fövqəladə hallar,
kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat, gömrük, şəhərsalma
və digər istiqamətlər üzrə dövlət qurumlarının daxil edilməsi
xüsusi əhəmiyyət daşıyır. Belə geniş institusional təmsilçilik
strateji layihələrə müxtəlif aspektlərdən yanaşmağa və çoxsaylı
məsələlərin bir neçə qurum arasında daha sürətli koordinasiya
olunmasına imkan verəcək.

Beləliklə, strateji investisiya layihələri üzrə tətbiq ediləcək
sürətli keçid mexanizmi layihələrin icrasının operativliyinin
artırılmasına xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir