Quruculuğun Laçın nümunəsi

Baş səhifə

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi
bütövlüyümüzün bərpa olunması tariximizə yeni əlamətdar günlər
yazdı. İndi xalqımız hər il böyük qürurla Zəfər Gününü, Dövlət
Suverenliyi Gününü, o cümlədən işğaldan azad edilmiş şəhərlərin
günlərini qarşılayır. Ordumuzun Vətən müharibəsindəki müzəffər
yürüşünü, şəhər və kəndlərimizin işğaldan azad olunmasını özündə
əks etdirən bu əlamətdar günlər Azərbaycanın dövlətçilik və
müstəqillik salnaməsinin şərəfli səhifələrini təşkil
edir.

Avqustun 26-sı həmin əlamətdar günlərdən biri – Laçın Şəhəri
Günüdür. Məlum olduğu kimi, Vətən müharibəsində Laçının bir sıra
kəndləri artıq işğaldan azad olunmuşdu. Azərbaycanın zəfəri
nəticəsində imzalanan üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1
dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci
il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə
götürüldü. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən 26
avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir.

Laçının 1992-ci il may ayının 18-də Ermənistan
tərəfindən işğal edilməsi respublikamızda hakimiyyət uğrunda
mübarizə aparan qrupların milli xəyanətinin nəticəsi idi. Prezident
İlham Əliyev bununla bağlı deyib:

“Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün
sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir
yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə
keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə
də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk
edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir.
Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi
niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı.
Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə
də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil
verdi”.

Laçın olduqca strateji bir mövqedə yerləşir. Ona görə
1992-ci ildə Şuşadan sonra Laçının işğal olunması Ermənistanla
Qarabağ arasında geniş coğrafi bağlantı yaratdı ki, bu da sonrakı
dövrdə digər şəhər və rayonlarımızın düşmən tərəfindən zəbt
edilməsinə yol açdı.
İşğal nəticəsində rayonun əhalisi
etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs
həlak oldu və ya itkin düşdü. 217 mədəniyyət, 101 təhsil, 142
səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə,
5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi,
müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən
talan və məhv olundu. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli
tarixi abidə erməni vandalizmi ilə üzləşdi.

Bu gün Laçında aparılan bərpa və yenidənqurma işləri nəticəsində
işğalın izləri aradan qaldırılır və rayon özünün yeni həyatına
qovuşur. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş
ərazilərdə ilk infrastruktur layihələrindən biri məhz Laçında icra
olunub. 2021-ci ildə Laçında işə salınan və generasiya gücü 8
meqavat olan Güləbird Su Elektrik Stansiyası rayonun elektrik
enerjisi ilə təminatında mühüm rol oynayır. Bundan başqa, rayon
ərazisində “Ağbulaq”, “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”,
“Aşağı Malıbəyli”, “Mirik”, “Ağbulaq-1”, “Ağbulaq-2”, “Şeylanlı” su
elektrik stansiyaları istismara verilib. Daha 3 yeni SES-in
tikintisi isə davam edir və onların inşası bu ilin sonunadək başa
çatacaq.

Laçında həyata keçirilən layihələr göstərir ki, rayondakı
quruculuq işləri kompleks məzmun daşıyır. Həm infrastrukturlar
yenidən qurulur, həm rayonun iqtisadi potensialı hərəkətə
gətirilir, həm də laçınlılar doğma yurdlarına qayıdırlar. Laçın
Beynəlxalq Hava Limanının, “Laçın Aqro-Sənaye Parkı”nın, “Həkəri
Balıq Təsərrüfatı”nın, Zerti kəndində “Laçın” İstirahət
Kompleksinin, “Laçın” və “Qorçu” yarımstansiyalarının, “Həkəriçay”
su anbarının inşası yalnız bu rayonda deyil, həm də işğaldan azad
edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin miqyasını və
əzəmətini göstərir.




Laçın işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin
intensiv qayıdışının həyata keçirildiyi rayonlardandır. Laçın
şəhəri isə keçmiş məcburi köçkünlərin geri döndüyü ilk şəhərdir.
Azərbaycanın nəzarətinə keçdikdən cəmi 9 ay sonra Laçının əzəli
sakinləri doğma şəhərə qayıdıblar. 2023-cü il mayın 28-də Prezident
İlham Əliyev Laçında şəhərin sakinləri ilə görüşüb və onlara
evlərin açarlarını təqdim edib. Daha sonra isə rayonun Sus, Zabux
və Bəylik kəndləri də doğma sakinlərini qarşılayıb. Böyük Qayıdışı
təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər
Laçın şəhərində 614 ailənin (2264 nəfər), Zabux kəndində 217
ailənin (823 nəfər), Sus kəndində 59 ailənin (215 nəfər), Bəylik
kəndində isə 89 ailənin (363 nəfər) daimi məskunlaşması təmin
edilib.

Əsrarəngiz gözəlliyi ilə fərqlənən Laçın bu gün həm də
beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərlərdən biridir.
2025-ci il mayın 28-də Laçın şəhərində Azərbaycan Prezidenti İlham
Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın
Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün, iyulun 2-də isə
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun
Qadınlar Forumunun təşkil edilməsi göstərdi ki, işğaldan azad
edilmiş şəhər və rayonlarımızda həyat artıq canlanıb. MDB Humanitar
Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən
isə Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan
olunub. Bununla əlaqədar olaraq 2025-ci ilin iyunun 3-də şəhərdə
“MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi
keçirilib. Bütün bu tədbirlər həm də ondan xəbər verir ki,
beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı yeni reallıqları tam
qəbul edir.

Laçının quruculuğu sürətli və dinamikdir və bu, dövlətimizin
qüdrətini dünyaya nümayiş etdirir. Qarşıdakı dövrdə isə Laçın
növbəti quruculuq nümunələri ilə hər birimizi qürurlandıracaq. 26
avqust Laçın Şəhəri Günü münasibətilə bütün Laçın sakinlərini
seçicilərimiz adından təbrik edirik.

Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın Qarabağ və
Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və
yenidənqurma işləri, bu ərazilərə yeni həyat bəxş etməsi regiondakı
yeni reallıqlara qarşı çıxan antiazərbaycançı dairələri ciddi
şəkildə narahat edir. Çünki Azərbaycanın hər bir uğuru həmin
dairələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyalarını
iflasa uğradır, onların niyyətlərini gözlərində qoyur.

Azərbaycanın uğurlarına kölgə salmağa, ölkəmizin beynəlxalq
nüfuzuna xələl gətirməyə çalışan antimilli şəbəkənin
elementlərindən biri də bəzi Avropa ölkələrində məskunlaşmış və
milli maraqlarımıza zidd fəaliyyət göstərən ünsürlərdir. Əvvəldə də
qeyd etdiyim kimi, Laçın 1992-ci ildə milli xəyanətin qurbanına
çevrilmişdi. Bu gün isə həmin xəyanətkar mövqenin daşıyıcıları
xaricdən Azərbaycana qarşı həyata keçirilən məkrli planlarda
iştirak edərək, ölkəmizin uğurlarına və milli maraqlarına kölgə
salmağa çalışırlar.

Lakin Qərbdən Azərbaycana dil uzadan marginal ünsürlər
respublikamızın uğurlarına kölgə salmaq iqtidarında deyillər. Çünki
birincisi, Azərbaycanda təməlində dövlətçilik maraqları dayanan
xalq-iqtidar birliyi var və ərazi bütövlüyümüzün bərpa olunması bu
birliyi daha da möhkəmləndirib. İkincisi isə Azərbaycan güclü
dövlətdir və heç bir xarici təzyiq və ya antimilli fəaliyyət
ölkəmizi strateji hədəflərindən yayındıra bilməz.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir