DYP-dən əlverişsiz hava ilə bağlı xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına
əsasən, avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında,
eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava
şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi
bildirilir. Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda
yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,
çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal
olunur.

Baş Dövlət Yol Polisi İdarəsi havanın yollarda yarada biləcəyi
təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa,
yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

BDYPİ sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və
hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil və
sərt manevrlərdən çəkinməyi, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq
tövsiyə edib:




“Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından
düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol
sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.

Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və
uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı,
daşınan yükün etibarlı bərkidilməsinə və nəqliyyat vasitəsinin
dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.

Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının
məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş
yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə
olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını
dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli
və məsuliyyətli davranmağa çağırır”,-deyə məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir